Bakıda "Rio-2016"ya lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri başlayır

16:59 16 İyun 2016

Bu gün Bakıda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri start götürəcək.

 

“Sərhədçi” Olimpiya İdman Mərkəzi mötəbər idman yarışına ev sahibliyi edəcək. Dəri əlcək ustaları üçün lisenziya əhəmiyyətli son yarışda 105 ölkədən 469 kişi idmançı mübarizə aparacaq.

 

Azərbaycanı turnirdə Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) təmsil edəcək. Boksçularımız Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Bunun üçün R.Hüseynov finala yüksəlməli, K.Şahsuvarlı və T.Məmmədov isə ilk beşliyə düşməyi bacarmalıdır.

 

Boksçularımızın hər üçü lisenziya qazana bilsə, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki dünya çempionatında və bu il Avropa təsnifat turnirində əldə edilib.

 

Qeyd edək ki, Azərbaycan boksçularından Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) “Rio-2016”ya lisenziya qazanıblar. Qadınlardan isə yeganə lisenziyanı ölkəmizə Yana Alekseyeva (60 kq) qazandırıb.


Xəbər xətti