Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da "Formula One Management"in prezidenti Berni Ekklstounu qəbul edib. "Formula One Management"in prezidenti Berni Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
O, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Berni Ekklstoun bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb. O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını deyib.
Beynəlxalq tədbirlərin təşkili baxımından ölkəmizin yaxşı təcrübəyə malik olduğunu deyən dövlətimizin başçısı Formula-1 yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu deyib. Prezident İlham Əliyev yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan Formula-1-in keçirilməsi münasibətilə əhali arasında yüksək əhvali-ruhiyyənin olduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirdi ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edən dövlətimizin başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib. Formula-1 yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizə daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, ölkəmizin digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident İlham Əliyev Formula-1 yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.
Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.