"Şuşa-Qarabağ" futbol klubunun 2016-2017-ci il mövsümündə çıxış edəcəyi Azərbaycan çempionatının birinci divizionunda ev oyunlarını hansı stadionda keçirməsi məsələsinin müzakirəsi ilə əlaqədar klubun Müşahidə Şurasının iclası olub.
Klubdan Sportarena.az-a verilən məlumata görə, iclasda komandanın ev oyunlarının Masazır qəsəbəsindəki “Əlincə” stadionunda keçiriləcəyi barədə qərar qəbul olunub. Bu barədə müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, iclasda "Şuşa-Qarabağ" komandasının oyunlarını izləmək üçün stadiona gələcək azarkeşlərə üzvlük kartlarının verilməsi məsələsinə də baxılıb. Bu kartlara malik şəxslər komandanın "Əlincə" stadionunda keçirəcəyi oyunlara pul ödəmədən baxa biləcəklər.