“Synergy Baku” kontinental komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour de Serbia” yarışını uğurlu nəticə ilə başa vurub.
21 kollektivin iştirak etdiyi yarışda “Synergy Baku” həm komanda hesabında çempion olub, həm də velosipedçimiz Matey Müqerli ümumi təsnifatın qalibi adını qazanıb.
Yarışın üçüncü mərhələsinin qalibi olmaqla ümumi təsnifatda liderliyə yüksələn Matey Müqerli bu üstünlüyünü sonadək qoruyub və bununla da “Tour of Serbia”nın ən yaxşı velosipedçisi üçün nəzərdə tutulan “sarı köynəyi” qazanıb. Yeri gəlmişkən, ümumi təsnifatda “Synergy Baku”nun digər üzvü Matiya Kvasina 3-cü olub.
Komanda hesabına gəlincə, “Synergy Baku” mövsümdə 3-cü çempionluq sevinci yaşayıb. Apreldə "Tour of Croatia", mayda isə "Tour d’Azerbaïdjan" yarışlarından sonra Serbiya Turu da komandamızın birinci yeri tutması ilə yadda qalıb.