Boksçumuz Azərbaycanın aktivinə 54-cü lisenziyanı qazandırıb

23:11 23 İyun 2016

İyunun 23-də Bakıda keçirilən “Rio-2016” boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin yeddinci günü də Azərbaycan boksçuları üçün qənaətbəxş yekunlaşıb.

Sportarena.az xəbər verir ki, bu gün yarımfinala gedən yolda Azərbaycan millisinin üç boksçundan ikisi rinqə çıxıb.

Günün ikinci yarısında mübarizəyə qoşulan Olimpiya mükafatçımız Teymur Məmmədov dörddəbir finalda döyüşündə mərakeşli boksçu Hassan Saadanı ilə qarşılaşmalı idi. Rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün Məmmədov qalib elan olunub və yarımfinala yüksəlib. Bununla atletimiz Rio Olimpiadasına vəsiqəni rəsmiləşdirib. Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Xatırladaq ki, yarış gününün günorta proqramında 75 kiloqram çəkidə mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı dörddəbir final döyüşünü keçirib. K.Şahsuvarlının rəqibi “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub. İlk iki raundda hakimlər O Rillini, sonuncuda isə K.Şahsuvarlını üstün sayıblar. Yekun nəticədə isə K.Şahsuvarlı 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. İstənilən halda, boksçumuz Olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, K.Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı beşincı yerdə tamamlayacaq. Bu da reqlamentə uyğun “Rio-2016”ya vəsiqə deməkdir.

İyunun 24-də isə Rüfət Hüseynov (49 kq) meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda görüşəcək. Bu çəkidə finala yüksələn boksçu “Rio-2016”ya lisenziya əldə etmiş olacaq.

Qeyd edək ki, dünyanın 105 ölkəsindən 469 boksçunun mübarizə apardığı yarışda son 39 lisenziyanın sahibi müəyyənləşəcək. Turnirə iyunun 25-də yekun vurulacaq


Digər xəbərlər

Xəbər xətti