Bu gün Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək.
Sportarena.az xəbər verir ki, üç gün davam edəcək reqatada Azərbaycanı 4 idmançı təmsil edəcək.
Onlardan ilk olaraq, mübarizəyə Aleksey Kupin başlayacaq. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə seçmə yürüşdə onun rəqibləri Vinsent Farkaş (Slovakiya), Strahinya Mladejiç (Serbiya), Roman Bönye (Fransa), Martin Fuksa (Çexiya), Sebastyan Brendel (Almaniya), İlya Ştokalov (Rusiya) və Simyon Kosmin (Rumıniya) olacaq. Yürüşə Bakı vaxtı ilə saat 10:14-də start veriləcək.
Saat 15:15-də Kupin 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə seçmə yürüşə qatılacaq. O, Oleq Tarnovski (Moldova), Martin Burkovski (Latviya), Vinsent Slominski (Polşa), Martin Fuksa (Çexiya), Erik Rebstok (Almaniya), Adi-Aurelian Qrozuta (Rumıniya), Fransisko Luenqo (İspaniya) və Loik Leonardla yarışacaq.
Saat 16:32-də Mirnazim Cavadov və Yevgeni Karabutadan ibarət duet 2 nəfərlik kayak qayığı (K-2) ilə 500 metr məsafəyə seçmə yürüşdə çıxış edəcək. Onlara Kaspar Sula - Kaarel Alupepe (Estoniya), Emanuel Silva - Joao Ribeyro (Portuqaliya), Valentin Kameneski - Oltean Razvan (Rumıniya), David Tot - Tamaş Kulifay (Macarıstan), Martin Hollştayn - Paul Mittelştedt (Almaniya), Artyom Kuzaxmetov - Vladislav Blintkov (Rusiya), Qjeqoj Birjalo - Patrik Svitalski (Polşa) və Edqar Tutyan - Gevorq Xaçikyan (Ermənistan) rəqib olacaq.
İyunun 25-də saat 15:20-də titullu kanoeçi Valentin Demyanenko start xəttinə çıxacaq. Onun rəqibləri Dmitri Fyodorov (Estoniya), Tomas Simart (Fransa), Fransisko Luenqo (İspaniya), Artyom Kozır (Belarus), Yan Vandrey (Almaniya), Lyubomir Haqara (Slovakiya) və Conatan Hajdu (Macarıstan) olacaq. Hazırda bu məsafədə rekord məhz Demyanenkoya məxsusdur. 33 yaşlı kanoeçi 2012-ci il Avropa çempionatında finişə 38,752 saniyəyə çatıb. O, həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.
Saat 16:15-də Mirnazim Cavadov - Yevgeni Karabuta dueti 2 nəfərlik kayak qayığı (K-2) ilə 200 metr məsafəyə yürüşə qatılacaq. Onlar Lüis Fletçer - Mattyö Robinson (Böyük Britaniya), Miroslav Zatko - Lyubom Beno (Slovakiya), Pyotr Mazur - David Putto (Polşa), Aurimas Lankas - Edvinas Ramanauskas (Litva), Neboyşa Qruyiç - Marko Novakoviç (Serbiya), Miçele Bertolini - Rikkardo Çekkini (İtaliya), Lukas Kusovski - Karel Slepika (Çexiya) cütlükləri ilə mübarizə aparacaqlar.
Bütün seçmə yürüşlərdə ilk 3 yeri tutanlar birbaşa əsas finala, 4 - 7-ci yerlərin sahibləri yarımfinala yüksələcəklər.
Qeyd edək ki, üç gün davam edəcək Avropa çempionatında 37 ölkədən 485 idmançı yarışacaq.