"Kəpəz"in rəqibinin baş məşqçisi: "Sizə söz verirəm ki..."

22:27 28 İyun 2016

Gözlədiyimiz kimi, qarşılaşma ağır alındı. "Kəpəz"dən belə oyun gözləmirdik. Çox yaxşı komandadı". Bu sözləri "Daçiya"nın baş məşqçisi Oleq Bejenar deyib.
 
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Kəpəz"in qonağı olan "Daçiya" Bakıdan heç-heçə (0:0) ilə qayıdır.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Bejenar oyunu şərh edib: "Birinci hissədə əsəbi görünürdük. İndi rəqibi daha yaxşı tanıyırıq. Cavab matçına daha yaxşı hazırlaşacağıq".
 
- Siz texniki zonada oturduğunuz halda, klubun prezidenti baş məşqçi kimi davranırdı, göstərişlər verirdi. Buna necə izah gətirə bilərsiz?

- Bu suala cavab vermirəm. Xahiş edirəm, oyundan sual verin.
 
- Çempionat matçlarında da klub prezidenti göstərir verir?
- Gəlin, bitirək.
 
- Klubun rəsmi saytında Mərdəkanın adının səhv olaraq, erməni mənşəli yaşayış məntəqəsi kimi təqdim edilməsi ilə bağlı nə deyə bilərsiz?
Suala mətbuat xidmətinin rəhbəri cavab verir: Heç kimin xətrinə dəymək istəmirdik. Sadəcə, anlaşılmazlıq oldu.
 
- Komandanın bu gün öz oyununu sərgiləyə bilməməsinin səbəbi nədi?
- Mən bilmirəm, siz niyə belə fikirləşdiniz. Komandamızda yeni oyunçular var, hələ bir-birlərinə uyğunlaşmayıblar. Cəmi 20 gündü bir yerdədilər. Sizə söz verirəm ki, növbəti oyunlarda daha yaxşı futbol sərgiləyəcəyik.
 
- Klubun prezidentinin kənardan tapşırıq verməsini özünüzə qarşı hörmətsizlik hesab etmirsiz?
- Hörmətsizlik? İstəməzdim ki, siz belə münasibət göstərəsiz. Əgər mən özümə qarşı hörmətsizlik hiss etsəydim, burda çalışmazdım.

apasport.az


Digər xəbərlər

Xəbər xətti