“Layiqli oyun göstərib, layiqli qələbə qazandıq. Əla nəticə əldə etdik”.
Sportarena.az xəbər verir ki, bunu “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Samtredia”nı qəbul edən “qırmızı-qaralar” 5:1 hesablı qələbə sayəsində növbəti mərhələyə vəsiqəni, demək olar ki, təmin edib. Matçdan sonra keçirilən mətbuat konfransında Qriqorçuk qələbəni şərh edib: “Oyundan çox razı qaldım. Uşaqlar yaxşı çıxış etdilər”.
- Bu cütdə kimi favorit sayırsız?
- Mən belə məsələlərlə maraqlanmıram. Oyundan əvvəl rəqibi görəndə düşünürdük ki, güclü komandadı. Amma bu gün oyun belə alındı. Bizim işimiz növbəti oyuna hazırlaşmaqdı.
- Sizə elə gəlmir ki, Zenyov bu gün 3 nəfərin yerinə mübarizə aparırdı?
- Zenyov çox yaxşı oynadı. Komanda üzvlərinin hər biri kimi. Ayrı-ayrılıqda qeyd etmək istəmirəm. Komandama təşəkkür edirəm.
- Bu gün meydandakı rəqibiniz “Samtredia” idi, yoxsa “Samtragedia”?
- Gəlin, rəqibimizə hörmətlə yanaşaq. Onlar öz çempionatlarında bürünc medal əldə ediblər. Onlara hörmət etmək lazımdı.
- Sizi adətən legioner transferlərinə görə tənqid edirlər. Bu gün legionerlərin meydandakı çıxışına görə, həmin insanlara sözünüz varmı?
- Həmin insanlara uğurlar arzu edirəm. Belə insanlar olmuşdu. O insanları peşəkar olmağa çağırıram. Amma nadir hallarda belə olurdu. Ən çox Antonovu tənqid edirdilər. O, zədədən sonra özünə gəlməkdə çətinlik çəkdi. Bizdə əcnəbi futbolçu çoxdu. Mən komandaya kim lazım olursa, onu heyətə cəlb edirəm. Antonov, Dodo, Pereyra, Zets kimi yaxşı oyunçularımız olub. Hansısa futbolçu bizə təklif ediləndə və mən onun zəif olduğunu görəndə, deyirəm ki, bizə lazım deyil. Ötən il həmin legionerlərlə Avrokubokun qrup mərhələsinə çıxmışıq. İndi isə hələ bir oyun keçirmişik. Kimləri heyətə cəlb etmişik, onlar da ümidləri doğrultdular.
- Cavab oyununda da hücum futbolunu göstərəcəksiniz?
- İkinci hissədə bir qədər geriyə çəkildik. Bu da rəqibin təzyiq yaratması oldu. Onlar da cərimə zərbəsindən gözəl qol vurdular. Rəqib yaxşı nəticə göstərmiş komandadı. Onlara qalib gəlmək üçün çox iş görməlisən. Bu gün də onu etdik.
- “Qəbələ”dən çempionatda heç belə hücum futbolu görmürdük. Bu dəyişiklik nə ilə bağlıdı?
- Deməzdim ki, bu gün asan rəqibə qarşı oynadıq. Yaxşı oynamağımıza səbəb futbolçularımız oldu. Öz stilimizdə oynadıq. Buna görə də oyunçularımıza təşəkkür edirəm.
- Bu gün sonradan meydana buraxdığınız gəncləri səfər matçında start heyətində görə biləcəyikmi?
- Müxtəlif fərziyə irəli sürə bilərik. Hər şey ola bilər. Bizim istəyimiz gənclərimiz uğurlu olsunlar. Onlara çox güvənirəm.
- “Qəbələ” azarkeşləri ilə aranızda inciklik yaranmışdı. Bu gün onlar sizi alqışladılar. Bundan sonra barışığa gedəcəksinizmi?
- Azarkeşlərlə mənim hansı problemim ola bilər? Bu barədə yazılanlar doğru deyil. Mən həmişə nə hiss edirəmsə, onu da deyirəm. Biz azarkeşlərimiz üçün oynayırıq.
- Növbəti mərhələdə hansı komanda ilə qarşılaşmaq istərdiz?
- Bu barədə düşünmək istəmirəm. Bizim işimiz oyunumuzu daha yaxşılaşdırmaqdı. Əlbəttə ki, potensial rəqiblərimizi də təhlil edirik. Çünki vaxtımız az olacaq. Amma bu gün işimiz komandanı növbəti matça hazırlamaqdı.(apasport.az)