"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Samtredia" (Gürcüstan) ilə oyundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Ancaq arxayınlaşmaq olmaz. Futbolda hər şey ola bilər. Növbəti oyuna hazırlaşmaq lazımdı və qalib gəlib tam əmin olmalıyıq ki, mərhələ keçdik.
- Sizcə rəqib zəif idi, yoxsa “Qəbələ” çox güclü idi?
- Belə deyək, bu görüşdə gürcülər “Qəbələ” üçün rahat rəqib idi. Növbəti oyunda necə olacaq görəcəyik. Bu matçda məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bildilər. Rəqib də oynamağa imkan verdi.
- Mendinin gedişindən sonra “Qəbələ” axtardığı hücumçunu tapa bilmirdi...
- Mendini tapmışıq elə. (gülür)
- Bir həftə sonra Gürcüstana gedirsiniz. Ötən il “Dinamo” ilə oyunda iğtişaşlar baş vermişdi. Bunun üçün hansısa xüsusi təhlükəsizlik tədbirləri görmüsünüz?
- Rəqib komandanın rəhbərliyi ilə bu barədə danışıqlarımız oldu. Özünüz də gördünüz ki, bizdə heç bir problem olmadı. Əla atmosfer var idi. Eyni şeyi də orda gözləyirik.
- Artıq ikinci mərhələ barəsində düşünmək olar. Kimi rəqib görmək istərdiniz? Xüsusi bir istəyiniz varmı?
- Hələ bu barədə danışmaq olmaz. Növbəti mərhələyə keçməyimiz bir həftə sonra dəqiqləşəcək. Onda da bilinəcək ki, rəqibimiz kimdi. Ona uyğun da hazırlaşacağıq.
- Komandada bir nominal hücumçu var. Növbəti transfer etməyi düşünürsünüzmü?
- Əvvəldən axtardığımız, maraqlandığımız bir neçə oyunçu var, ancaq dəqiq deyil. Avropalı və afrikalı oyunçulardı.
- Transfer ikinci mərhələyə qədər yekunlaşa bilərmi?
- Ola bilər, mümkündü.
- Klub prezidenti Tale Heydərov qeyd elədi ki, “Qəbələ” ötən mövsüm bəzi legionerlərin seçimində uğursuz olmuşdu. İndi demək olarmı ki, məhdud büdcə ilə ən yaxşılar seçilib?
- Belə deyək də, bu, birinci oyundu. İlk oyuna görə onlar haqqında müsbət fikir bildirmək olar. Ancaq gələcək oyunlar daha dəqiq göstərəcək. Görək yenilər əyalətə uyğunlaşa biləcəklərmi.(apasport.az)