İyulun 5-də Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində “Asiyanın uşaqları” altıncı beynəlxalq idman oyunları başlayıb.
Sportarena.az xəbər verir ki, dörd ildən bir keçirilən oyunlar, müxtəlif idman növlərini, o cümlədən taekvondonu əhatə edir.
İyulun 4-də Yakutsk şəhərinə yollanan idmançılarımız arasında 5 taekvondoçu yer alıb. Belə ki, 38 ölkədən idmançıların qatıldığı beynəlxalq oyunlarda Azərbaycanı yeniyetmələrdən ibarət millinin böyük məşqçisi, Əməkdar məşqçi Sənan Həşimovun rəhbərliyi altında Ayaz Qəmbərli (48 kq), Qasım Aslanov (55 kq), Nicat Müslümov (63 kq), İkram Hüseynov (73 kq) və Orxan Tağızadə (73 kiloqramdan yuxarı) təmsil edəcək.
Yarışa iyulun 17-də yekun vurulacaq.
Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda, Azərbaycanla yanaşı Asiya qitəsindən 38 ölkənin təmsilçiləri basketbol, boks, taekvondo, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük və s. idman növlərində medallar uğrunda mübarizə aparırlar.