"Çətin oyun olacağını bilirdik. 90 dəqiqə ərzində üstün tərəf biz idik. Layiqli qələbə qazandıq. Finala yüksəldiyimiz üçün xoşbəxtəm. Bizim bir xəyalımız var və ona gerçəkləşdirmək istəyirik".
Bu sözləri Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "Avro-2016"nın yarımfinalında Uelsə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Biz vahid komandayıq. Turnirin əvvəlindən belə hərəkət edirik. Mən təkcə qol vurmaq üçün yox, mübarizə aparmağa çalışıram. Uğur qazanmaq üçün bütün futbolçular çalışmalıdır" - deyə o bildirib.
K.Ronaldo Portuqaliya millisinin təkcə ondan ibarət olmadığını söyləyib:
"Biz komandayıq. Ancaq bu gün finala çıxmağımıza kömək etdim".
Portuqaliya millisinin kapitanı bildirib ki, finalda da qalib gəlməyə çalışacaqlar: "Finalda olmağa layiqik. Çoxları bizim finala çıxacağımızı gözləmirdi. Amma bunu bacardıq. Özümüzlə fəxr edirik".
K.Ronaldo "Real"dakı komanda yoldaşı Qaret Beyl haqda da danışıb:
"Oyundan sonra Beyllə danışdım. Onu Uels millisinin turnirdəki uğurlu çıxışına görə təbrik etdim".