“Ramil Şeydayev Azərbaycan millisində oynamaq istəyir. Özü bununla bağlı AFFA-ya müraciət edib”.
Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
“Zenit”lə yolları ayrılan və karyerasını Türkiyənin “Trabzonspor” klubunda davam etdirəcəyi gözlənilən Ramil Şeydayev milli karyerası ilə bağlı qərarını dəyişib. Bu vaxta qədər Rusiyanın 16, 17, 18, 19 və 21 yaşadək yığmalarında çıxış etmiş Azərbaycan əsilli hücumçu daha ruslara xidmət etmək fikrində deyil. 20 yaşlı futbolçu bundan sonra Azərbaycan yığmasının formasını geyinmək istəyir.
Mikayıl Nərimanoğlunun sözlərinə görə, Şeydayevin istəyi millimizin baş məşqçisi Robert Prosineçkiyə artıq çatdırılıb: “Şeydayev AFFA-ya müraciətində Azərbaycan yığmasında oynamaq istədiyini bildirib. Biz də onun istəyini Robert Prosineçkiyə çatdırmışıq. Baş məşqçinin Ramillə bağlı qərarı heyəti açıqlayanda bəlli olacaq. Hər şey FİFA-nın qaydalarına əsasən olmalıdır”.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində doğulan Ramil Şeydayevin atası azərbaycanlı, anası isə rusdur (apasport.az).