UEFA Avropa Liqasının II mərhələsinin oyunları çərçivəsində keçiriləcək “Admira” – “Kəpəz” oyununu izləyənlər arasında milli komandanın məşqçisi Mahmud Qurbanov da olacaq.
Sportarena.az xəbər verir ki, Gəncə futbol məktəbinin yetirməsi dünən “sarı-göylər” ilə birgə Avstriyaya gəlib.
M.Qurbanov Gəncə klubunun qarşıdakı oyunu ilə bağlı fikirlərini "Kəpəz"in rəsmi saytına danışıb:
“Bildiyiniz kimi, “Kəpəz” bundan öncə də Avstriya klubuna rəqib olub. Gəncə klubu 21 il öncə Vyananın “Austriya” komandası ilə qarşılaşmışdı. Həmin vaxt mən də heyətdə yer almışdım. Avrokuboklarda “Kəpəz”in debütü idi. Evdə və səfərdə bu komandaya uduzmuşduq. Çünki çox güclü idilər. “Austriya” ilə oyunda Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə ilk qolu vurulmuşdu. Mənim ötürməmdən sonra Yadigar Süleymanov fərqlənmişdi. Bundan əlavə 11 metrlik cərimə zərbəsindən yararlana bilməmişdik. Bu gün “Kəpəz”in ikinci Avstriya sınağıdır. Düşünürəm ki, rəqib yenə güclüdür. Amma komandamızın bu dəfə daha yaxşı oyun göstərib evə sərfəli nəticə ilə qayıdacağına ümid böyükdür. Komandanın buna yetəcək gücü var”.