Rusiyalı idmançılar Bakıya gəldi

11:06 21 İyul 2016

13 dəfə dünya çempionu və 9 qat Avropa çempionu Yana Kudryavtseva, 7 qat dünya çempionu və 4 qat Avropa çempionu Marqarita Mamun,  2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova, habelə Rusiyanın qrup komandası bədii gimnastika üzrə Dünya Kubokunun finalında iştirak etmək üçün iyulun 20-də Bakıya gəliblər.


Sportarena.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda rusiyalı idmançıları bir qrup gənc azərbaycanlı gimnast qarşılayıb.


Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kubokunun finalı iyulun 22-24-də Bakıda keçiriləcək.


Turnirin ilk iki günündə 26 gimnast və 9 komanda qrup hərəkətlərində çoxnövçülüyün medalları uğrunda yarışacaq. Dünya Kubokunun sonuncu günü ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.


Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında əvvəlki mərhələlərdə qazanılan 4 ən yaxşı nəticəyə görə mükafatlı yerləri tutan gimnast və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti