Tural Axundov: "Gəncədə oynasaydıq, başqa nəticə əldə edə bilərdik"

15:52 21 İyul 2016

"Admira” çox yaxşı komanda idi. Özümüzə güvənirdik. Söz vermişdik ki, sona qədər mübarizə aparacağıq. Qol buraxmağımız bir az pis oldu. İstəyirdik ki, ilk hissə 0-0 hesabıyla başa çatsın, ikinci hissədə rəqibi təzyiq altında saxlayaq. Amma alınmadı.
 

Sportarena.az xəbər verir ki, bu sözlər "Kəpəz”in kapitanı Tural Axundova məxsusdu.

 
Gəncə təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın "Admira” komandasına məğlub olaraq mübarizəni dayandırıb. Axundov "Admira” ilə ötən gün Bakıda baş tutan matçı (0-2) dəyərləndirərkən "Kəpəz”in zəif oyun göstərməsindən danışıb:
 

"Matç zamanı irəli atılmaqda gecikirdik. Ola bilər ki, komandadan bir qədər yorğunluq var idi. Hava şəraitinin normal olmamasını da nəzarə alamaq lazımdı.Çox isti idi. "Admira”nı qələbə münasibətiylə təbrik edirəm. Biz bundan sonra çempionat oyunlarımıza hazırlaşmalıyıq”. 


Kapitan bildirib ki, "Kəpəz”in Avropa Liqasındakı çıxışını qənaəbəxş saymaq olar:
 

"Heç kim "Kəpəz”in Avropa Liqasına vəsiqə qazanacağını gözləmirdi. Biz bunu bacardıq və Avropa Liqasında mərhələ keçməyə də nail olduq. Çoz istəyərdik ki, "Admira” səddini də keçək. Amma buna nail ola bilmədik. Bəlkə də, Gəncədə oynasaydıq, başqa nəticə əldə edə bilərdik”. 
 

"Dalğa Arena”da baş tutan "Kəpəz” – "Admira” matçını azsaylı "Kəpəz” azarkeşləri izləyib. Tural buna görə azarkeşləri qınamadığını vurğulayıb:
 

"Azarkeşləri qınamıram. Mərdəkanla Gəncə arasında böyük bir məsafə var. Oyun "Bakcell Arena” və şəhərə yaxın bir arenada olsaydı, daha çox azarkeş bizə dəstək ola bilərdi”.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti