Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşünün 4-cü mərhələsi Azərbaycanın “Synergy Baku” klubu üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Müqerli kifayət qədər ağır dağ yolları ilə yadda qalan 147 kilometrlik marşrutu 2-ci pillədə başa vurub.
Məsafəni 4 saat, 1 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz mərhələ qalibi ilə eyni göstəriciyə nail olsa da, hər şeyi fotofiniş həll edib.
“Synergy Baku” nüfuzlu yarışa 7 velosipedçi ilə başlasa da, onlardan ikisi - Yannis Tamuridis və Kiril Pozdnyakov 1-ci mərhələnin finişinə 2 kilometr qalmış yola piyada çıxması nəticəsində baş verən toqquşmada zədə almış və yarışı yarımçıq bitirmək məcburiyyətində qalmışdı.
Dördüncü mərhələdə isə daha bir təmsilçimiz - Yosip Rumaç zədələnib və “Synergy Baku” Çin yarışında mübarizəni 4 idmançı - Matey Müqerli, Elçin Əsədov, Samir Cəbrayılov və ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinlə davam etdirəcək.
On üç mərhələdən ibarət “Tour of Qinghai Lake” yürüşünə iyulun 30-da yekun vurulacaq.