İyulun 22-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürür. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə edirlər.
Üç gün davam edəcək Dünya Kubokunun finalında Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyacaqlar. Qrup hərəkətləri yarışlarında isə - Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep mübarizə aparacaqlar.
Yarışların ilk iki günündə 26 gimnast və 9 qrup hərəkətləri komandası çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaq. Kubokun sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri təşkil olunacaq.
Bu il Dünya Kubokunun 9 mərhələsi olub. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı dörd nəticəyə əsasən, birinci yeri tutan gimnastlar və qruplar mükafatlandıracaqlar.
Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert gözləyir.