“Qarabağ” sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində son Çexiya çempionu “Viktoriya Plzen”in qonağı olacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda öz fikirlərini bildirib:
“Viktoriya Plzen” tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda bu cütlüyün favoriti sayılır. Ardıcıl üçüncü ildir ki, bu mərhələdə mübarizə aparırıq. “Viktoriya Plzen”i ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız “Monako”, “Anderlext” və ya “Tottenhem”lə müqayisə etməzdim, rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə “Viktoriya Plzen”lə oynadığımız yoxlama oyunundan cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi sabah çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır, ötən il də bir neçə tur qalmış çempion olmuşdular. Yeni baş məşqçi ilə belə turnirdə ilk matçlarına çıxacaq, bu baxımdan rəqibin necə oynayacağı gözlənilməzdir. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bizə xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”.