Zaur Ramazanov: "Qardaşımın məndən güclü futbolçu olmasını çox istəyirəm"

12:10 27 İyul 2016

“Çempionatımızın oyunlarına baxanda futbolu tez atdığıma görə heyfslənirəm"

22 il əvvəl rəhmətlik Hüseyn İsmayılov “Naxçıvan" komandasını yaradanda kimin ağlına gələrdi ki, 15-17 yaşlı gənclərdən təşkil olunmuş və 1-ci dəstədə mübarizə aparan həmin komandanın 5 üzvü vaxt gələcək yığmanın şərəfini qoruyacaq? Samir Əliyev, Samir Musaeyv, Fərrux İsmayılov, hazırda futzal yığmamızın kapitanı Rizvan Fərzəiyev və... Bu gün “5-ci"nin ad günüdür. Daha doğrusu, yubileyi. Onun 40 yaşı olur. Zaur Ramazanovu nəzərdə tuturam. Bir vaxtlar “Naxçıvan"da çiyin-çiyinə oynadığım Zaurla çoxdan idi ki, görüşmürdüm. Ad günü həm görüş, həm də müsahibə üçün fürsət oldu.

- Zaur, təbrik edirəm. Deyirlər, 40 yaşı qeyd eləməzlər, düşəri-düşməzi olar.

- Çox sağ ol. Ad günü qeyd eləməyə heç vaxt marağım olmayıb. Çox vaxt təlim-məşq toplanışlarında olduğumdan təmtəraqla keçirməmişəm. Evdə olanda da qohum-əqraba ilə qeyd etmişik, yüngülvari.

- Bəzi mənbələrdə doğum günün fevralın 22-i göstərilir. 

- Vikipideyada belə göstərilib. Haradan götürüblər, necə götürüblər, bilmirəm. İyulun 27-də anadan olmuşam. Məncə, indən belə düzəliş edərlər. Təkcə vikipideya yox, feysbukla da problemim var. İndiyə kimi heç vaxt feysbukdan istifadə etməmişəm. Amma orada 5-6 Zaur Ramazanov var. Hamısında da şəkillərimdi qoyublar. Amma heç biri mən deyiləm. Kimlərsə şəklimi götürüb, özünə profil açıb. 

- Həyat “40-cı mərtəbə"dən necə görünür?

- Əla. Özümü 40 yaşlı biri kimi yox, daha cavan hiss edirəm. Futbol oynayacaq gücdəyəm. Amma gərək bir az məşq edim. 

“Əbdülqəni müəllim mənə dedi ki, özünə komanda axtar"

Zaur Mirzağa oğlu Ramazanov 1976-cı il iyulun 27-də Bakıda dünyaya göz açıb. Ailədə 10 uşaq olublar - 5 bacı, 5 qardaş. Zaur yenə “5-ci"dir. Uşaqlığı “Sovetski”də keçib. Külfət olmalarına baxmayaraq, ailə maddi sıxıntı çəkməyib. Mirzağa dayının şəxsi avtomobil təmiri sexi var imiş. Yəni, qazancı pis deyilmiş. Mirzağa dayı 1993-cü ildə dünyasını dyişib. Həmin vaxt ailənin sonbeşiyi, hazırda “İnter"in futbolçusu olan, yığmamızın üzvü Ağabala Ramazanov cəmi 6 aylıq imiş. Zaur oxuyan uşaq olmayıb. Başı futbola o qədər qarışıb ki, dərsə həvəs qalmayıb. Evləri “Spartak" stadionunun yaxınlığında idi. Elə ilk komandası da “Spartak" olub. Özündən 5 yaş böyük qardaşı Emin futbolla məşğul olurdu. Zaurun həvəsli olduğunu görüb, onu futbol məşğələlərinə yazdırıb. 

- Səhər evdən bayıra birinci top, sonra isə mən çıxmışam. Sözün həqiqi mənasında topla yatıb-durmuşam. Çoxları bunu sözgəlişi deyir, amma məndə həqiqətən belə olub. Böyük qardaşım Eminlə onların məşqlərinə baxmağa gedirdim. Haradasa, 8-9 yaşım olardı. Qardaşımın məsləhəti ilə Fazil Abbasovun qrupuna yazıldım. O vaxt 1976-cı il təvəllüdlü uşaqlardan ibarət komanda yox idi və məcbur olub özümdən 1 yaş böyüklərlə oynamağa başladım. İlk oyundaca qol vurdum. Bir ildən sonra isə öz yaşıdlarımla məşq edirdim. 3-4 il Fazil müəllimin yanında məşq keçdikdən sonra yğma komandaya seçimlər başladı. Yığmanın baş məşqçisi erməni idi - Karen Qriqoryeviç. Soyadını unutmuşam. O, məni komandaya götürmədi. Halbuki, “Spartak"ın kapitanı idim və hər oyunda qol vururdum. Fazil müəllimin israrından sonra məni yoxlamaq qərarına gəldi. 2 oyunda hərəsində 1 hissə oynadım və hər dəfə də 2 qol vurdum. Bundan sonra siyahı dəyişdirildi və adım ora salındı. Bu hadisə 1989-cu ildə baş verib. Həmin il yığma ilə Nalçikə turnirə getdik və 3-cü yeri tutduq. 7 qolla turnirin bombardiri oldum. Yaxşı yadımdadır, onda ukraynalılarla oynamışdıq. Onların heyətində Andrey Şevçenko və Sergey Rebrov da var idi. Ukraynalılara 1:2 hesabı ilə uduzduq. Hələ o vaxt mənə təklif etdilər ki, orada qalım. Komanda yoldaşım, hazırda qürbətdə yaşayan Valeh Seyidovun da atası dedi ki, qalmağın məsləhətdi. Amma həm özüm istəmədim, həm də valideynlərim razı olmadılar. Çünki o vaxt ermənilərlə münaqişə yeni başlamışdı. 1990-cı ildə Bakda baş yerən yanvar qırğınından sonra xeyli müddət futboldan kənar qaldım.

- Səni 2-ci dəfə futbola qaytaran rəhmətlik Hüseyn İsmayılov olub.

- Məhəllə uşaqları ilə “Spartak" stadionunun arxasındakı asfalt stadionda tez-tez futbol oynayırdıq. Bir dəfə Hüseyn müəllim məni orada gördü və yeni yaratdığı “Naxçıvan" komandasına çağırdı. Onunla lap uşaqlıqdan tanışıydıq, oyunuma bələd idi. Düzü, Hüseyn müəllimin təklifinə ciddi yanaşmadım. Amma təkidlərindən, evimizə kimi gəldikdən sonra razılaşdım. Allah ona rəhmət eləsin, futbola qayıtmağımın səbəbkarı olub. Yaxşı insan, əsil “futbol xəstəsi" idi. Özün də bilirsən ki, komandanı saxlamaq üçün evini satmışdı. Heyf ki, onun əziyyəti dəyərləndirilmədi. 1996-cı ildə “Naxçıvan" dağıldı.

- Və keçdin futzala...

- Məmmədqulu Zeynalov və Balaş Əsgərov soruşdular ki, futzal oynaya bilərsən? Cavabında məhəllə futbolu oynamışam, əlbəttə bacararam, dedim. Beləcə, “NAB Spor"a keçdim. 50 “şirvan" maaş alacaqdım. Elə oldu ki, komandanın baş məşqçisi dəyişdi və Əbdülqəni Nurməmmədov təyin olundu. Əbdülqəni müəllim mənə dedi ki, özünə komanda axtar. Məcbur olub “Anqlooyl"a keçdim. “NAB Spor"la yoldaşlıq oyunu oynadıq, hesab 7:7 oldu. Bizdən bütün qolları mən vurdum. Bundan sonra Nurməmmədov məni komandasına qaytarmaq istəsə də, razılaşmadım. Həm acığa düşmüşdüm, həm də “Anqlooyl"un rəhbəri Mahir Məmmədova görə. Futbolda mənə Hüseyn İsmayılov dəstək olumuşdusa, futzalda Mahir müəllim həmişə arxamda dayandı. O komandada heç bir problemimin olmadı. Sona kimi də “Anqlooyl"da qaldım. Düzdür, 2-3 il sonra komanda Vergilər Nazirliyinə verildi və “Tribut" adlandırıldı. Amma yenə də əvvəlki kollektiv idi və Mahir müəllim komandaya nəzarət edirdi.

“Xəzər Lənkəran" mənim üçün həmişə var”

Zaur Ramazanov futzalda 7 mövsüm oynayıb. 2002-ci ildə “Tribut"la ölkə çempionu, həmçinin, 27 qolla çempionatın bombardiri olub. Hər mövsüm daxili birincilikdə 20-dən çox qol vuran Zaur bir neçə il futzal millimizin formasını geyinib.  Premyer Liqada isə 7 mövsümdə 5 komandanın heyətində çıxış edib. Bu komandalarda keçirdiyi 143 çempionat oyununda 70 qol vurub. Bura kubok və digər turnirlər aid deyil. 2004/05-ci illər mövsümündə “Karvan"ın heyətində 26 oyunda 21 qol vurmaqla bombardir olub. Həmin il Yevlax təmsilçisi ilə bürünc medalları qazanan Zaur bombardir adını bir daha 2006/07-ci illər mövsümündə “Xəzər Lənkəran" qazanıb - 24 oyunda 20 qol. Lənkəran klubu həmin mövsüm çempion olub. Bundan başqa çempionluq ili ilə yanaşı növbəti mövsüm Azərbaycan Kubokuna sahib çıxıb. Daha bir kuboku isə 2008/09-cu illər mövsümündə “Qarabağ"la qazanıb. 2006-cı ildə “Xəzər Lənkəran"ın “Birlik Kuboku"nu götürməsində də Zaurun əməyi az olmayyıb. Azərbaycan yığmasında 14 oyunda iştirak edib. Qol vurmayıb. Zaur Ramazanovun Premyer Liqadakı statistikası aşağıdakı kimidir:

Mövsüm Komanda  Oyun  Qol
2003/04   MOİK             8        4 
2003/04   Bakılı          9        8  
2004/05   Karvan       26      21 
2005/06   Xəzər L.     20       2 
2006/07   Xəzər L.     24      20 
2007/08   Xəzər L.     25      11 
2008/09   Qarabağ     24       4 
2009/10   Karvan       7         0

- 2002-ci ildə yenidən böyük futbola qayıtmağın necə oldu?

- MOİK 1-ci dəstədə çıxış edirdi. Rəhmətlik Yadigar Rəhimov baş məşqçi idi. Məndən xahiş elədi ki, komandaya kömək edim. Yadigar müəllimi hələ “Naxçıvan"da oynayandan tanıyırdım. Bir ara məşqçimiz olmuşdu. Xətrini çox istədiyimdən sözünü yerə salmadım. Şənbə “Tribut"da, bazar günləri isə MOİK-də oyuna çıxırdım. Hətta o vaxt jurnalistlər məndən soruşurdular ki, necə olur, iki komandada oynamağı çatdırırsan? Doğrudan da çatdırırdım. Hər 2 komandada da qol vururdum. Yenidən böyük futbola həvəsləndim. MOİK yaxşı komanda idi. Zaur Tağızadə, Elçin Rəhmanov, Ədahim Niftəliyev, Ceyhun Tanrıverdiyev və digər tanınmış futbolçularla bir yerdə idik. Birlikdə komandanı yüksək dəstəyə çıxardıq. Doğrudan da güclü komandamız var idi. Çatana 4-5 top vururduq. Yüksək dəstədə ilk dövrədə bir neçə oyunda MOİK-də oynadım. Komanda yoldaşım Ceyhun Tanrıverdiyev hərbi xidməti başa vururdu. Mənə təklif etdik ki, gedək “Kəpəz"ə. Razılaşmadım, Bakıdan kənara çıxmaq istəmirdim. Elə oldu ki, “Bakılı"nın baş məşqçisi  Nadir Qasımov məni komandasına dəvət elədi. Nadir müəllimi lap uşaqlıqdan tanıyırdım. Çempionatın 2-ci dövrəsindən “Bakılı"ya qoşuldum. Həmin mövsüm ümumilikdə 17 oyuna 12 qol vurdum (2003/04-cü illər mövsümündə çempionatın bombardiri 23 oyunda 20 qol vurmuş Samir Musayev olmuşdu - İ.T.) Demək istəyirəm ki, formada idim. 

- Bildiyim qədər, o vaxt “Neftçi"yə keçmək imkanın olub.

- Elədir. “Bakılı"da oynumu görən Kazbek Tuayev məni “Neftçi"yə çağırdı. “Neftçi"də oynamağı çox istəyirdim. Amma orada özümü görmədim. Ehtiyatda saxlanacağımdan çəkinib, razılıq vermədim.

- Bəs, “Qarabağ"? Axı, onlarla ilkin razılıq olmuşdu.

- Karlos Alberto Torresin vaxtında yığma ilə Qazaxıstana gedirdik. Səfərdən öncə Əmrah Çəlikəl mənimlə görüşdü və “Qarabağ"a keçməyimi təklif etdi. 25 min dollar pul da verdi. Sənədsiz, filansız. Pulu götürmürdüm. Dedi ki, arxayın olum ki, qayıdanda bizdə oynayacaqsan. Qazaxıstandan qayıdandandan sonra bir müddət “Qarabağ"da məşq etdim. İqor Ponomaryov baş məşqçi idi. Düzü, onun keçdiyi məşq ürəyimə yatmadı. Nəsə, özümü orada rahat hiss etmədim. “Karvan"ın baş məşqçisi Yunis Hüseynov dəfələrlə mənə zəng eləmişdi ki, Yevlaxa gedim. “Karvan" variantı ürəyimcə idi. Əmrah bəylə görüşüb getmək istədiyimi bildirdim və aldığım pulu 1-2 günə qaytaracağımı dedim. Çox təəccüblənmişdi. Getməyimə yox, pulu qaytarmağıma. Mənə dedi ki, halaldı, bu pulu qaytarmaya da bilərdin. Çünki ortada heç bir təsdiqedici sənəd yox idi. 

-  Sirr deyilsə, “Karvan" nə qədər pul verirdi?

- 30 min dollar. Onun da 25 minini Əmrah bəyə qaytardım. “Karvan"da çempionatın bombardiri oldum. 26 oyuna 21 qol vurmuşdum. Oyunların hamısında oynaya bilməmişdim. Hakimlərlə problemim olmuşdu. Hamısında oynasaydım, 30-u keçərdim.

- Hə, o vaxt Aydın Ələkbərovla insident üzündən səni futboldan kənarlaşdırmışdılar.

- Bu söhbətə qayıtmaq istəmirəm. Guya, Aydına fiziki təzyiq göstərmişdim. Amma belə olmamışdı. Olsaydı, kimsədən çəkinmirəm, etiraf edərəm. Mövsümün axırına kimi məni futboldan “sildilər". Amma nə oldusa, 7 oyundan sonra oynamağa icazə verdilər. 

- “Karvan"dan çıxmağının səbəbi nə oldu? 

- Yunis Hüseynovu komandadan çıxartdılar. Məni “Karvan"a Yunis müəllim aparmışdı. Məhz ona görə komandadan ayrıldım. Rəhbərlik qalmağım üçün çox israr elədi, istəmədim. O vaxt mənə çox yerdən təklif var idi. Ən sərfəlisi “Xəzər Lənkəran"dan idi. Demək istəyirəm ki, “Karvan"dan ayrılmağımın səbəbi pul yox, Yunis müəllimin işdən çıxarılması idi. 

- Sərfəli deyəndə, yəqin ki, pulu nəzərdə tutursan. “Xəzər Lənkəran" nə qədər “podyomnı" alırdın?

- Çox alırdım... İllik 250-300 min. Çempionluğa, qələbələrə görə pul mükafatı da öz yerində. Mübariz Mənsimov özü də ayrıca pul verirdi.

- Zaur, deyəsən, “Xəzər Lənkəran" oynadığın komandaların içində sənə ən doğmadır.

- Yüz faiz. Emin Quliyev, Mahmud Qurbanov, Samir Əliyev, Ceyhun Sultanov, Ədahim Niftəliyev, Füzuli və Xaqani Məmmədov qardaşları... Əla kollektivimiz var idi. İlk çempionluğumu orada qazandım, 2 dəfə kuboku götürük, “Birlik Kuboku"nun qalibi olduq. Lənkəran azarkeşlərinə söz ola bilməzdi. Onlara çempionluğu hədiyyə etməyin özü bir sevinc idi. Düz buyurursan, “Xəzər Lənkəran" mənim üçün ən doğma komandadır. Bu gün “Xəzər Lənkəran"ın formasını geyinəndə hərdən kimsə mənə deyir ki, komanda yoxdur, o formada niyə gəzirsən? Cavabında deyirəm ki, “Xəzər Lənkəran" mənim üçün həmişə var, həmişə də olacaq.

- Doğma komandadan ayrılmağından danışardın.

- Komandaya Mirça Redniki baş məşqçi gətirdilər. Gələn kimi də dedi ki, filan-filan oyunçular mənə lazım deyil. Adımı çəkmədi. Ertəsi gün bir jurnalist mənə zəng eləyib xəbər verəndə ki, Rednikin göndərdiyi futbolçuların arasında sənin də adın var, təəccübləndim. Sonradan adımın siyahıya salınması kimlərinsə işi idi. Ad çəkmək istəmirəm. Futbol həyatı belədir ki, oynayanda hamı üzünə gülür, dostun olur. Futbolda Mahir Məmmədov yeganə adamdır ki, digərlərindən fərqlənir. O insanın üzərimdə çox haqqı var. Qalanları… Özümə sual verirdim - Rednik kimdir ki, məni komandadan uzaqlaşdırır? Və nəyə görə? Bilirsən, məni ora Ağasəlim Mircavadov aparmışdı. 2010-cu ildə Avropa Liqasında Moldovanın “Olimpiya" komandası bizi mübarizədən kənarlaşdırandan sonra Ağasəlim müəllim istefaya göndərildi. Bir məqama da toxunum. Arada 2008/09-cu illər mövsümünü “Qarabağ"da keçirmişdim. Geri qayıdanda formada deyildim. Buna baxmayaraq, Mais Mənsimov mənə demişdi ki, hazırlaş, komandaya lazımsan. Komandaya lazım olsam da, Rednikə lazım olmadım. Kiməsə yalvarası deyildim ki, məni komandada saxla. Həmin vaxt Yunis Hüseynov “Karvan"da idi. Məni yanına çağırdı. 

- “Karvan"da əvvəlki Zauru görmədik. 7 oyun və 0 qol.

- Bayaq dediyim kimi, formada deyildim. Həm də hakimlər bir yandan oynamağa imkan vermirdilər. Demək olar ki, hər oyunda yerli-yersiz cəzalandırırdılar. Burada deyirlər, adamın adı çıxana kimi, canı çıxsın. 

- Amma gec-tez doğma komandana qayıtdın...

- Futbolçu kimi yox. “Xəzər Lənkəran"da Səməd Mustafayev var idi. Mənə zəng elədi ki, bəzi yerli futbolçularla danışıq aparmaqda onlara kömək edim. Mən də bacardığımı etdim. 2009-cu il idi. Futbolçu kimi “Xəzər Lənkəran"da yenə də oynaya bilərdim. Birdən-birə karyeramı bitirmək qərarına gəldim. “Bakı" ilə vida matçımı təşkil etdilər. Yaxşı alınmışdı. Mükafat da verdilər. Hətta “Bakı"nın prezidenti Hafiz Məmmədov da mənə “paket" göndərmişdi. Karyeramı bitirdikdən sonra bir müddət öz işlərimlə məşğul oldum. Sonradan Mais müəllim təklif elədi ki, menecer işləyim. 2500 manat da maaş yazdılar. Rendik hələ getməmişdi. O  göndəriləndən sonra Yunis Hüseynovu komandaya baş məşqçi gətirdilər. Daha doğrusu,  mənim təklifimlə. Bundan sonra bir müddət həm də Yunis müəllimin köməkçisi oldum. Köməkçi deyəndə, adım protokolda gedirdi. “Turan"la oyundan sonra rəhbərliklə məşqçilər korpusu arasında narazılıq yarandı. Əvvəl mən, 1 ay sonra isə Yunis müəllim komandadan ayrıldı.

“Bursaspor" 2 illik müqaviləyə 950 min pul verirdi”

- Zaur, aqressiv olmağının cəzasını çox çəkmisən?

- Heç vaxt uduzmağı sevməmişəm. Elə olub ki, hətta komanda yoldaşımla dava etmək istəmişəm. Bunun da hamısı məğlubiyyəti həzm edə bilməməyimdən irəli gəlirdi. Hakimlik də öz yerində. Adım o qədər bədnam idi ki, yalandan da meydandan qovulsam, hakimlər haqlı çıxarılırdılar. Karyeram ərzində 5-6 dəfə “qırmızı" almışam. Demirəm, hamısı haqsız olub. Bəzi hallarda “qırmızı"ya layiq olmuşam. Amma hamısında yox. Futbolda olduğu kimi, həyatda da aqressivəm. Özümdən tez çıxıram. Sakitləşəndə fikirləşirəm ki, gərək belə etməyəydim. Nə edim? Xasiyyətim belədir. Amma aqressiv və dalaşqan olduğum qədər də rəhmliyəm. 

- Nə əcəb xarici klublarda oynamamısan?

- Təkliflər olub. Özüm istəməmişəm. 30 yaşım var idi. “Bursaspor" 2 illik müqaviləyə 950 min dollar pul verirdi. Hətta ilkin razılıq da əldə olunmuşdu. Eybi yoxdur, az qazanım, amma Bakıda qazanım deyə, fikrimi dəyişdim. Gecə ilə telefonlarımı söndürdüm, özüm də getdim xaricə. 3-4 gündən sonra qayıtdım.

- Məgər getmək istəmədiyini birbaşa demək olmazdı?

- Fikrimdən döndərəcəklərindən qorxdum. Yalnız ona görə. “Barsaspor"dan başqa İranın “Sepahan" klubu illik 600 min pul verirdi. İmtina elədim. “Anji" 1-ci dəstədə oynayırdı, 250 min təklif etdi, getmədim. Hələ Zaqrebin “Dinamo" klubunu demirəm. Mənə görə “Xəzər Lənkəran"a 1 milyon dollar verirdi. Mübariz müəllim dedi ki, Zaur satılmır. “Xəzər Lənkəran"ın o pula ehtiyacı yox idi. Heç özüm də getmək istəmirdim. Azərbaycandan kənarda yaşaya bilmirəm. Darıxıram. Ona görə xaricdən gələn bütün təklifləri geri çevirmişəm. İndi fikirləşirəm, gərək heç olmasa 1-2 il xaricdə oynayardım. Getsəydim, istənilən komandada “çatdıra" bilərdim. Xasiyyətimə bələdəm, qoymazdım ki, kimsə mənim yerimə heyətdə oynasın. Həm də özümlə çox futbolçuları xaricə “darta" bilərdim. 

- Çəkindiyin müdafiəçi olub?

- Əksinə, məndən çəkiniblər. Tərlan Əhmədov hər dəfə mənə qarşı oynayanda zarafatla deyirdi ki, indi gəl düş Zaurun arxasınca. Mən oyun buraxanda çox müdafiəçilər sevinirdilər ki, Zaur oynamır.

- 1-2 şablon sual verəcəm. Ən yaddaqalan oyunun...

- Zaqreb “Dinamo"su ilə matç. Həmin oyunda həqiqətən əla oynamışdım. “Birlik Kuboku"nun finalı və çempionatda “Neftçi" ilə açılış oyunları da yaddaqalan olub. “Neftçi"ni 2:1 hesabı ilə udmuşduq. Qolların ikisini də mən vurmuşdum.

- Bəs, qol?

- Karyeram ərzində müxtəlif turnirlərdə 100-dən çox qol vurmuşam. Ən çox xoşuma gələn “Birlik Kuboku"nun finalında “Paxtakor"a vurduğum qoldu. Həqiqətən baxımlı alınmışdı. Hətta oyunu izləyən FİFA və UEFA prezidentləri Yozef Blatter ilə Mişel Platini qolu ayaq üstə alqışlamışdılar. Biri var qapıya tərəf korkoranə zərbə vurasan, biri də var planlı. Topu “doqquzluğ"a vurdum, elə bil kimsə əli ilə apardı ora qoydu. Yəni, necə istəyirdimsə, zərbəm elə də alındı.

- Yığmadan danışaq, bir qol belə vura bilməmisən.

- İlk dəfə Əsgər Abdullayevin vaxtında yığmaya çağırılmışam. Fərqlənməməyimin səbəbləri çoxdur. Birincisi, oyunlarda adətən 90 dəqiqə meydanda olmurdum. Məşqçilər az şans verirdilər. İkincisi, Abdullayevin də, Karlos Alberto Torresin də vaxtında sırf mərkəz hücumçusu kimi deyil, daha çox cinahlarda oynayırdım. Cəmi 1 oyunda təmiz hücumçu olmuşam. Belədə, qol vurmaqdan çox, ötürmə etmək barədə düşünməli olurdum. Üçüncüsü isə, bəxtsizlik. Yadınızdadırsa, Belçika ilə oyunda qapıçını da keçib topu boş qapıya vura bilməmişdim. Bax, orada bəxtim gətirmədi. Bir yandan da günah özüm də idi. Qapıçını aldatdıqdan sonra topu zərbə ilə vurmaq istədim ki, qapı toru bərk tərpənsin. Zərbə vurarkən, top “şitki"mə dəyib səmtini dəyişdi. Mənə deyən lazım idi, ay Zaur, yavaşca vur, getsin də. 

“Bu yaşda azı 12-13 qol vuraram” 

- Təyyarədən qorxursan.

- Axır vaxtlar. Əvvəllər qorxmurdum. Bir ara təyyarə qəzalarından verilişə baxırdım. Ondan sonra canıma qorxu düşdü. Təyyarəyə minəndə həmin verilişdəki epizodlar gözümün qarşısına gəlirdi, “mandraj"a düşürdüm. Buna baxmayaraq, təyyarəyə minməyə məcbur idim. “Xəzər Lənkəran" Moldovada oynayanda ora dostumun avtomobili ilə getmişdim. Daha çox yerüstü nəqliyyatı xoşlayıram.

- Avtomobildən söz düşmüşkən, ilk maşının “Zaporojest" olub?

- Yox, “Moskviç". Onda heç sürücülük vəsiqəm yox idi. “Naxçıvan"da səninlə bir yerdə oynayanda “Moskviç"i “Zapı"ya dəyişmişdim. O da sınıq-salxaq idi. Güc-bəla ilə işə düşürdü. “Zapı"dan sonra çox maşın dəyişmişəm - “Honda", “06", “Ford", “Mersedes"... İndi “Hunday Sonata" sürürəm.

- Yəqin ki, çempionatımızı izləyirsən.

- Əlbəttə. Amma ürəyimcə deyil. Hansı komandaya baxırsan, hücumda legionerlər oynayır. Özü də çempionat ərzində 15-16 qol vururlar. İnanırsan, çempionatımızın oyunlarına baxanda, futbolu tez atdığıma görə heyfslənirəm. İndiyə kimi oynaya bilərdim. Doğru sözümdür, bir qədər özümü formaya salsam, bu yaşda azı 12-13 qol vuraram. 

- Nə əcəb məşqçiliyi seçmədin?

- Məndən məşqçi olar? Bir də gördün futbolçunu meydanın ortasında birtəhər elədim (gülür). Hövsləsizəm. “Xəzər Lənkəran"da Yunis müəllimin köməkçisi olanda məşqləri kənardan izləyirdim, qatılmırdım. Çünki bilirdim ki, xoşuma nəsə gəlməsə, özümdən çıxacam. 
- Futboldan uzaq düşmüsən, nə işlə məşğul olursan?

- Özümün şəxsi işlərimlə. Hələ ki, dolanıram, kiməsə ehtiyacım yoxdur.

- Kiçik qardaşın Ağabala yolunu davam etdirir. Sənin kimi futbolçudur, ya zəifdir?

- Çoxları deyir ki, Ağabala sənin səviyyəndə deyil. Tələsməyək. Ağabala futbola təzə başlayıb. Karyerası hələ irəlidədir. Qardaşımın məndən güclü futbolçu olmasını çox istəyirəm. Həm futbolumuza, həm də özünə xeyir verər. İnandırım ki, ən azı Zaur Ramazanov qədər olsa, Azərbaycanda onun qarşısına çıxan tapılmayacaq. Fəxr edirəm ki, kiçik qardaşım sənətimi davam etdirir, soyadımız futbolda qalır. 

- Bəs, Ağabala karyerasını bitirdikdən sonra?

- Mütləq. Düzü, mən tərəfdən bu, gözlənilmir. 2 qızım var. Amma qardaşım oğlunun 6 yaşı var - Həsən Ramazanov. Onun topla rəftarından, duruşundan, həvəsindən görürəm ki, gələcəkdə “dəhşət" futbolçu olacaq. İndidən futbola qoymuşuq. Mən də bacardığım köməyi edəcəm ki, futbolun sirlərini dərindən mənimsəsin.

Söhbətləşdi: İlqar TAĞIYEV
“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti