Beynəlxalq Yay İdman Növləri Federasiyası Rio-de-Janeyroda Rusiya nümayəndə heyətinin sayını azaltmağa davam edir. 2016-cı ilin Oyunları üçün seçilmiş rusiyalı idmançıların iştirakına yol verməmək hüququnu ona Beynəlxalq Olimpiya Komitəsi verib.
Rusiya KİV-lərinin bugünkü məlumatına görə, Olimpiadaya vəsiqə alan 387 idmançıdan 161 nəfəri artıq Oyunlara buraxılıb, 109 idmançı tamamilə kənarlaşdırılıb, 117 idmançının vəziyyəti isə mübahisəlidir.
Oyunlardan kənarlaşdırılanların 67-si yüngül atlet, 27-si avarçəkən, 7-si üzgüçü, bir nəfər yelkənli idman nümayəndəsi, biri isə beşnövçüdür. Bir güləşçi, üç velosipedçi və iki ağır atlet haqqında da kənarlaşdırma qərarının çıxarılacağı gözlənilir. Cəmi 109 nəfər. “R-Sport” saytı yazır ki, həmin siyahı mütləq genişləndiriləcək.(azərtac)