Belarusun paytaxtı Minskdə yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında keçirilən dünya çempionatında təhlükəli olay baş verib.
Sportarena.az xəbər verir ki, 2 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yarımfinal yürüşündə polşalı Arsen Slivinski və Mixal Marek Lubnyevskidən ibarət duet qayıqdan suya yıxılıb.
Finişə ilk "3-lük"də çatmağa cəhd edən cütlük sonda istəyinə nail ola bilməyib. Nəticədə onlar əsas finaldan kənarda qalıblar. Üstəlik, polşalı cütlüyün qayığı finiş xəttində çevrilib. Suda çabalayan dueti xilasedicilər qurtarıblar.
Qeyd edək ki, həmin yürüşdə Azərbaycan təmsilçiləri Aleksey Kupinlə Nikita Sablindən ibarət duet də mübarizə aparıb. Onlar yürüşü 8-ci yerdə tamamladıqları üçün mübarizəni dayandırıblar.