"Təəssüf ki, özüm "Bakı 2015" I Avropa Oyunlarında olmamışam. Amma eşitmişəm ki, Oyunlar layiqincə keçib".
Bunu Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə açıqlamasında Belarusun paytaxtı Minskdə yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatını izləyən Beynəlxalq Kanoe Federasiyasının (İCF) I vitse-prezidenti İştvan Vaşkuti deyib.
Macarıstanlı funksioner bildirib ki, Avropa Oyunları zamanı kayak və kanoe yürüşlərinin keçirildiyi Mingəçevir şəhərindəki "Kür" Avarçəkmə Mərkəzi yaxşı vəziyyətdədir. O, həmin idman qurğusunda yenidən nüfuzlu yarışların keçirilmə ehtimalının olduğunu istisna etməyib: "Azərbaycan tərəfi beynəlxalq reqatalara ev sahibliyi üçün müraciət etsə, baxacağıq. Ərizə İCF-nin tələblərinə uyğun olsa, Azərbaycanın kayak və kanoe üzrə bütün nüfuzlu yarışları, o cümlədən, dünya çempionatını keçirmə şansı var".
Qeyd edək ki, İştvan Vaşkuti 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının kanoe üzrə qalibi və 6 qat dünya çempionudur.