"Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik"

16:10 29 İyul 2016

Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların təxminən yarısı medal qazana bilər. Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik.


Bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.


Onun sözlərinə görə, medalla bağlı proqnoz vermək çətindir. Proqnozu yalnız idmançılarımızın potensialını nəzərə almaqla vermək olar: "Bu oyunlarda komanda üzvlərinin, idman növlərinin sayı daha çoxdur. Oyunlarda 56 nəfər iştirak edəcək. Komandanın demək olar ki, yarısı medallara namizəd olur. Bu dəfə də idmançıların təxminən yarısı medal qazana bilər. Hesab edirik ki, medalların sayı və keyfiyyəti London Olimpiadasından daha çox və üstün olacaq".


Ç.Hüseynzadə deyib ki, olimpiya yığma komandasının əsas heyəti 3 gün sonra Braziliyaya yola düşür. Amma idmançıların birinci qrupu artıq yola düşüb. İkinci qrup avqustun 1-dən 2-ə keçən gecə yola düşəcək.


Onun sözlərinə görə, idmançılar oyunlara təntənəli şəkildə yola salınacaq: "Din xadimlərimiz idmançılara xeyir-dua verəcəklər. Musiqi və rəqslər də olacaq. İdmançıların gediş-gəliş vaxtını idman federasiyalarının xahişini nəzərə alaraq müəyyən etmişik. Kim tez qayıtmaq istəyirsə, tez qayıdacaq. Məsələn, cüdoçular yarışlarını tez bitirirlər və onlar tez qayıtmaq istəyirlər. Amma olimpiya kəndində qalma kvotası da var. Onların 50 faizi yerini dəyişməlidir. Bu da təşkilatçıların imkanları ilə bağlıdır. Azərbaycanda keçirilən Avropa Oyunlarında idmançıların sonadək qalma imkanı var idi".


Digər xəbərlər

Xəbər xətti