Tuğrul Erat: "Buna görə Azərbaycan millisini seçdim"

12:36 31 İyul 2016

"Az da olsa, Almaniya və Türkiyə yığmalarında oynamaq şansım yox idi. Bu səbəbdən beynəlxalq təcrübə qazanmaq üçün Azərbaycan millisini seçdim". 

Bu sözləri Azərbaycan millisinin üzvü Tuğrul Erat Almaniya mətbuatına açıqlamasında deyib. 

Almaniyanın "Duysburq" klubuna transfer olunan 24 yaşlı futbolçu millimizin sabiq baş məşqçisi Berti Foqtsu da yada salıb: "Foqts çoxları üçün ciddi insan təəssüratı yaradırdı. Sanki onun heç yumor hissi yoxdur. Ancaq mən onunla çox asan dil tapa bilirdim və hətta onunla işlədiyim dönəmdə mənimlə bir neçə zarafatı da olub. Foqtsla işləmək çox xoş idi". 

"Avro-2016"nın seçmə mərhələsində evdə İtaliya ilə keçirdiyi oyun haqda danışan Erat bunları bildirib: "İtaliya ilə Bakıdakı görüşdə mən də iştirak edirdim. Qapıçıdan uzun ötürmə gəldiyi vaxt Bonuççi və Kyellini kimi müdafiəçilərdən topu almaq şansın olmur. Adətən belə ulduz oyunçuları televizordan isləyirdik. Onlara qarşı oynamaq isə çox gözəl hiss idi. Oyundan sonra Pirlo ilə görüşüb, şəkil çəkdirdim". 

Tuğrul Erat sonda "DÇ-2018"in seçmə mərhələsində millimizin heyətində son dünya çempionu Almaniyaya qarşı da oynamaq istəyini gizlətməyib: "Karyeranda ən azı 1 dəfə dünya çempionlarına qarşı oynamağı hər kəs istər. Bunun üçün klubun "Duysburq" yaxşı oynayaraq Azərbaycan yığmasına yenidən dəvət almalıyam. Boatenq və Hummels kimi dünya ulduzlarına qarşı oynamaq istərdim. Bu futbolçuların inamlı oyunlarını həmişə televizordan izləmişik. Özümə də maraqlıdı ki, bu cür müdafiəçilərlə təkbətək mübarizələrdə nə edə bilərəm?". 

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Erat yığmamızda cəmi 3 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti