“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem apasport.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Çempionlar Liqasının III təsnifat mərhələsində “Viktoriya” ilə ilk oyun istədiyiniz kimi alındı?
- Plzendə bizi nələrin gözlədiyini bilirdik. Ağır oyuna yaxşı hazırlaşmışdıq. Bəlkə də, istədiyimiz kimi oynaya bilmədik. Amma qolsuz heç-heçə ilə dönməyimiz pis nəticə deyil. Bakıdakı matçda bundan xeyrimizə istifadə etməliyik. Çox diqqətli olmalıyıq. Çünki rəqib 1 qol vursa, biz ikisini vurmalıyıq. Bir şey dəqiqdi: səfərdəkindən fərqli oynamalıyıq. Ordakı görüşdə “Viktoriya” topla çox yaxşı oynadı. Bu, daha çox taktiki tapşırıq idi. Rəqib topa nəzarəti ələ keçirəndə biz oyunu qurmaqda çətinlik çəkirik. Ona görə də, bu dəfə topu ayağımızda çox saxlamalıyıq.
- Rəqib 10 nəfərlə qaldıqdan sonra qol vurmaq üçün niyə irəli atılmadınız?
- Təbii ki, qol vurmaq olardı. 75-ci dəqiqəyə qədər çox çətinlik çəkdik. Rəqib azlıqda qaldıqdan sonra topu özümüzdə saxlamağı bacardıq. Belədə qol da vura bilərdik. Amma 10 nəfərlə qalmalarını dəyərləndirə bilmədik. Bakıdakı oyun fərqli olacaq. Çox çətin bir qarşılaşma bizi gözləyir. Rəqibin ilk matçdakı kimi oynayıb-oynamamasından asılı olmayaraq, biz eyni cür çıxış etməməliyik.
- “Viktoriya”nın topu özündə çox saxladığını dediniz. Bir növ “Qarabağ”ın oyun dəsti-xəttinə yaxın olduğuna görə, sizə çətinlik yarandı?
- Razıyam, çox yaxşı pressinq tətbiq etdilər. Oynamağımıza imkan vermədilər. Avstriyadakı yoldaşlıq matçı zamanı gördüyümüzdən fərqli oyuna üstünlük verdilər. Bu mərhələ fərqlidi. Çətinlik çəkdik. Ola bilər, yaxşı oynamadıq. Ancaq cavab qarşılaşmasında topa nəzarət edən tərəf biz olsaq, nəticə fərqli alınacaq.
- “Viktoriya”nı indi daha yaxşı tanıyırsız. Əsas özəllikləri nədi?
- Yaxşı pressinq tətbiq edirlər. Topu ələ keçirən kimi, hücuma sürətli çıxmağımız lazımdı. Onlara qarşı biz də pressinq tətbiq etməliyik. Bunu bacarsaq, üstünlük qazanacağıq.
- Qolsuz heç-heçədən sonra şanslar necədi?
- 50-nin 50-yə. Qol buraxmamalı, səbrli və diqqətli olmalıyıq. Qol buraxsaq, işimiz çətin olacaq.
- Narahat edən məqam “Qarabağ”ın əvvəlki illərdəki kimi oynaya bilməməsidi. Həm “Düdelanj”, həm də “Viktoriya” ilə matçlar komandanızın oyun planında gerilədiyini ortaya qoydu...
- İki fərqli rəqiblə oynadıq. Lüksemburq təmsilçisi müdafiəyəmeylli oyuna üstünlük verir. Bakıdakı matçda qələbə qazansaq da, topu daha çox müdafiədə və yarımmüdafiədə oynatdıq. İkinci hissədə bu, qabarıq göründü. Onların qapısına çox az yaxınlaşa bildik. Səfərdəki matçda da onlar yaxşı çıxış etdilər. “Viktoriya” isə tamam başqa oyun üslubu seçib. Biz topu özümüzdə saxlamağa çalışsaq da, bacarmadıq. Azarkeşlər narahat ola bilər. Unutmayın ki, rəqiblər də bizi yaxşı analiz edirlər. Artıq 2-3 ildi qrup mərhələsində çıxış edirik. Oyunlarımızı izləyir, təhlillər aparırlar. Səbrli olmaq lazımdı. Bizim üçün də asan deyil. Biz də meydanda ağalıq etmək, rahat oynamaq istəyirik, amma hər dəfə buna nail olmaq mümkün deyil.
- “Qarabağ”ın Premyer Liqada ciddi rəqabətlə üzləşməməsinin necə, təsiri hiss olunurmu?
- Təbii ki, onun da təsiri var. Çempionatdakı rəqiblərimiz nə qədər güclü olsa, oyunlarda ciddi müqavimətlə üzləşsək, bir o qədər xeyrimizə olar. Onda avrokuboklardakı oyunlarımıza da hazır çıxarıq. Çempionatda zəif rəqiblə qarşılaşıb, avrokuboklarda sürətli komanda ilə üz-üzə gəldiyin zaman daha çox əziyyət çəkəcəyin danılmazdı.
- “Qarabağ” bu dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynamağı bacaracaqmı?
- Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bunun üçün də çalışırıq. Necə olacaq, Allah bilir. Yaxşı şansımız var, ilk oyundan yenilmədən ayrılmışıq. Cavab matçında azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.