Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov apasport.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ” Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsi çərçivəsində sabah “Viktoriya” ilə cavab matçına çıxacaq. 2000-ci ildə “Şəmkir”in baş məşqçisi kimi, Çexiyanın digər təmsilçisi “Slaviya” ilə avrokuboklarda qarşılaşıb, hər iki oyunda məğlub olmusuz. Necə düşünürsüz, bu dəfə Azərbaycan klubu Çexiya təmsilçisini büdrədə biləcəkmi?
- “Qarabağ”ın “Viktoriya” ilə ilk oyununa baxdım. Deyərdim ki, çempionumuz orda pis təsir bağışlamadı. Onlara elə də imkan vermədilər. Düzdü, rəqibin top üstünlüyü var idi, hücuma daha çox keçirdi. Amma “Viktoriya” yüz faizlik qol epizodu yarada bilmədi. Bizimkilərin də qol imkanı olmadı. “Qarabağ” səfərdə 1:1 hesablı heç-heçə etsəydi, lap əla olardı. O ki qaldı cavab matçına, “Qarabağ” meydana ilk olaraq, top buraxmamaq fikri ilə çıxmalıdı. Çünki səfər qolu 2 top sayılır. Bir də imkan dərəcəsində qol vəziyyətləri yaradıb, qol vurmaq lazımdı.
- “Viktoriya” ilk oyunun son 15 dəqiqəsində azlıqda qalanda əksəriyyət “Qarabağ”ın hücuma böyük qüvvə ilə atılıb, qol vurmağa çalışacağını gözləyirdi. Amma bunun şahidi olmadıq...
- Orda risk etmək düzgün olmazdı. Çünki ikinci oyun da var idi və üstəlik, həmin görüş “Qarabağ”ın meydanında keçiriləcək. Çexlər 10 nəfərlə də hücumlar həyata keçirdilər. “Qarabağ”da rəqib haqda indi daha çox informasiya var. Sabahkı oyunda “Qarabağ”da sürət olmalıdı. Bir də yarımmüdafiədə, yəni ortada onlara oyun verməmək lazımdı. Məncə, “Qarabağ”ın mərhələ adlamaq üçün yaxşı şansı var. Təbii ki, sabah azarkeş dəstəyi də güclü olmalıdı.
- 16 il öncəki “Slaviya” ilə hazırkı “Viktoriya”nı müqayisə etsək, Çexiya futbolunun irəlilədiyini demək olar, ya gerilədiyini?
- O vaxtkı “Slaviya” indiki “Viktoriya”dan daha güclü idi. Məndə siyahı var. Həmin vaxt “Slaviya”nın heyətində yığmanın oyunçuları çıxış edirdi.
- Elə “Viktoriya”da da Çexiya və Slovakiya yığmasının üzvləri var...
- Hazırkı Çexiya yığmasının son Avropa çempionatında necə oynadığını gördük. Bir də ki, belə müqayisələr aparmaq düzgün deyil. Futbol ildən-ilə inkişaf edir. Hazırlıqdan çox şey asılıdı. Biz “Slaviya” ilə oyuna Bakıda, Şəmkirdə hazırlaşmışdıq. Onda ölkə xaricinə getməyə imkan yox idi. Cəmi 2 legionerimiz var idi: Viktor Kulikov və Badri Kvaratsxeliya. Maşallah, indi ölkə xaricində toplanış keçməyə imkan var.
- Azarkeşlər “Qarabağ”ın ÇL-in qrupuna düşməsini gözləyir. Siz necə düşünürsüz, Ağdam klubunda bu potensial varmı, yoxsa Qurban Qurbanovun komandası hələ Avroliqalıqdı?
- Heç kim inanmazdı ki, Qazaxıstanın “Astana” klubu Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Amma qrupa düşdülər və pis də təsir bağışlamadılar. Səhv etmirəmsə, 8-10 milyon pul qazandılar, büdcələri isə 15 milyon idi. Biz də əlimizə düşən imkandan düzgün istifadə etməliyik. Amma indiki “Qarabağ”la 2 il əvvəlki “Qarabağ” eyni deyil. O komanda daha güclü və istəkli idi. Dəyişiklik lazımdı. Mən məşqçi işləyəndə də bunun şahidi olurdum. Bir də ki, yaxşı futbolçular Azərbaycana nadir hallarda gəlirlər.
- Keçək “Qəbələ”yə. Püşk “Lill”i Roman Qriqorçukun yetirmələrinə rəqib edəndə əksəriyyət komandamızın şansının qalmadığını düşünürdü...
- “Qəbələ” indi futbol oynayır. Yaxşı heyət toplaşıb, gələn legionerlər də səviyyəlidilər. Çox hərəkətli və ağıllıdılar. Əllərinə düşən şansdan da istifadə edirlər. İndiki “Qəbələ” həddindən artıq xoşuma gəlir. Ağıl var, taktika var, bir sözlə hər şey var.
- Fransa futbolu da sizə tanışdı. Vaxtilə yığmanın baş məşqçisi kimi Oserdən 0:10 hesablı məğlubiyyətlə qayıtmısız. Heç həmin vaxt düşünərdiz ki, vaxt gələcək, “Qarabağ” səfərdə “Sent-Etyen”, “Qəbələ” isə “Lill”lə heç-heçə edəcək?
- Niyə də olmasın? Amma Fransa yığması onda daha güclü idi. Son Avropa çempionatında isə 1-2 oyunda öz gücləri ilə qələbə qazanmadılar. Rumıniya ilə görüşdə hakim kobud səhvə yol verdi. O vaxt Fransa yığmasında, həm də klublarında liderlər var idi. Yadımdadı, Roberto Karlos “Real”da çıxış edəndə bir müsahibə vermişdi. Demişdi ki, uduzmaq təhlükəsi olan oyunlarda tez Zinəddin Zidanı axtarırdıq ki, topu ona verək.
- “Qəbələ” səfərdəki sərfəli nəticənin davamını Bakıda gətirə biləcəkmi?
- “Qəbələ”nin çox gözəl şansı var. Fransadakı ilk oyunu çox gözəl oynayıb və yaxşı nəticə ilə qayıdıb. Məncə, həm “Qəbələ”nin, həm də “Qarabağ”ın da şansı öz əlindədi.