Bu gün “İnter”lə qarşılaşan son 3 mövsümün çempionu “Qarabağ” hesabı açan tərəf olsa da, yekunda məğlubiyyətlə barışmalı oldu.
Sportarena.az xəbər verir ki, matçdan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb.
- Mövsümə uğursuz start verdiniz. “İnter”ə yenilgi haqda nə düşünürsüz?
- “İnter” 90 dəqiqə ərzində əlində düşən imkanları dəyərləndirdi. Komanda şəklində bu günə qədər necə qələbə qazanırdıqsa, bu dəfə də komanda olaraq uduzduq. Başqa nə deyim?
- “Vikrotiya” ilə oyunun şokundan sanki ayılmamısınız...
- Təbii ki, oyunun başa çatmasına 5 dəqiqə qalmış qələbəni əldən vermək tez unudulası hadisə deyil. Hamımıza ağır təsir edib. İnanırdıq ki, Çempionlar Liqasının qrupuna vəsiqə qazanacağıq. Nə edək, futboldu, unudub, qarşıdakı “Sumqayıt”la matçı düşünməliyik.
- “Viktoriya” ilə oyundan sonra komanda çox tənqid edildi. Bununla barışırsınızmı?
- Jurnalistlər hər zaman istədiklərini yazır, deyirlər. Onlar sərbəstdirlər. Biz də öz işimizi bilir, meydanda nə etməli olduğumuzu dərk edirik. Əsas işimiz baş məşqçimizin tapşırdığı işləri görməkdi. Bizi tənqid edənlərin fikrinə hörmət edirik.
- Tənqidlərdən nəticə çıxarırsınızmı?
- Bizim üçün vacib olan işimizi görmək və baş məşqçimizin tapşırığını yerinə yetirməkdi. Kənardan deyilənlərin bizim üçün əhəmiyyəti yoxdu. Həm də dilinizi bilmədiyim üçün oxumuram. Amma ümumi məlumatım olur.
- Komandanın üzləşdiyi bu durum “Höteborq”la oyunlarda təsirini göstərə bilərmi?
- Bu oyunla “Viktoriya”ya qarşı keçirdiyimiz oyun bir-birinə çox bənzəyir. Bəzən işini nə qədər yaxşı görsən də, uğur qazanmaq mümkün olmur. Bundan sonra “Sumqayıt”la oyuna köklənməliyik.
- “İnter”lə duelə əsasən demək olarmı ki, çempionat ağır keçəcək?
- Azərbaycanda asan oyunlar keçirmirik. Fürsətlərdən istifadə edən komandalar var, bugünkü rəqibimiz kimi.
- Əsasən baş məşqçiniz Qurban Qurbanov tənqid edilir. Futbolçular bunu necə qarşılayır?
- Təqsiri baş məşqçinin üzərinə yıxmaq düzgün deyil. İndiyə qədər qazandığımız uğurlar onun fəlsəfəsinin nəticəsidi. Biz vəhdət təşkil etməli, bir olmalıyıq.
- “İnter”lə oyunda sanki ikinci qoldan sonra ayıldınız, amma vaxt çatmadı...
- Rahat oynamırdıq. Onlara qarşı müəyyən səhvlərə yol verdik. Qoldan sonra həvəsləndilər, ardınca ikinci qolu vurdular.(apasport.az)