Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırıb.
Sportarena.az xəbər verir ki, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq çəki dərəcəsində nail olub. O, birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb. Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.
Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq. çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul və bu ölkəni təmsil etməyə başlayıb. 23 yaşlı idmançı gələcəkdə də Qazaxıstanda qalacağını bildirib: "Bu ölkəyə uyğunlaşmışam".
Rəhimov "Çempion olduqda ölkən barədə düşündünmü?" sualını isə belə cavablandırıb:
"Mən yalnız məşqlər haqda fikirləşirdim. Düşünürdüm ki, bu gündən ötrü nə qədər işlədim, güc sərf etdim. Normal insanlar yatanda biz məşq edirdik. Qazaxıstanda qar dizdən olanda biz məşqlərə gedirdik. Bax, bu əziyyətim barədə düşünürdüm. Mənə dəstək olan ölkəyə minnətdaram. Bilirəm ki, məni televiziya vasitəsilə də dəstəkləyirdilər. Onlar da sağ olsunlar!"
Nicat Rəhimov 1993-cü ildə Bakıda anadan olub.(goal.az)