2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün kayak və kanoe yarışlarına start veriləcək. Azərbaycanı kayakçı qadınların mübarizəsində olimpiya və dünya çempionu İnna Osipenko-Radomskaya, kanoeçilər arasında isə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko təmsil edəcək.
Püşkə əsasən, ilk olaraq, start xəttinə Osipenko-Radomskaya çıxacaq. 34 yaşlı idmançı bu gün Bakı vaxtı ilə saat 16:59-da 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və CAR təmsilçisi Bricit Ellen Hartli olacaq.
Ümumilikdə 4 seçmə yürüşdə ilk "6-lığ"a düşənlər saat 18:00-dan etibarən yarımfinal yürüşlərində mübarizə aparacaqlar. 3 yürüşün hər birində ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında ən yaxşı 2-si finala vəsiqə qazanacaq. 8 ən güclü kayakçının iştirakı ilə həlledici yürüş avqustun 16-da saat 16:47-də başlanacaq.
Avqustun 17-də isə Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr, Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq. Əvvəlcə kanoeçimiz start xəttinə çıxacaq. Saat 16:37-də başlanacaq seçmə yürüşdə onun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, litvalı Henrikas Justautas, itanlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olacaq.
Reqlamentə əsasən, 4 seçmə yürüşdə ilk 5 yerin sahibləri və 6-cı yeri tutanlardan ən yaxşısı həmin gün saat 17:42-dən etibarən başlanacaq yarımfinala yüksələcəklər. Bu mərhələdə isə 3 yürüşün yekununa əsasən, ilk 2 yerin sahibləri və 3-cü yeri tutanlardan 2 ən yaxşısı finala vəsiqə qazanacaq. Həlledici yürüşün startı avqustun 18-də saat 16:23-də veriləcək.
Osipenko-Radomskayanın 500 metr məsafəyə seçmə yürüşdə rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olacaq. Avqustun 17-də saat 19:19-da başlanacaq yürüşü ilk "6-lıq"da başa vuranlar yarımfinala vəsiqə qazanacaqlar. Həmin gün saat 18:17-dən etibarən başlanacaq növbəti mərhələ yürüşlərində ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında 2 ən yaxşısı finala adlayacaq. Həlledici mərhələ yürüşü isə avqustun 18-də saat 17:11-də başlanacaq.