Rumıniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "Szeklerland" Turuna yekun vurulub.
Sportarena.az xəbər verir ki, 19 komandanın iştirak etdiyi 4 mərhələli yarışda “Synergy Baku”nun üzvləri 3 nominasiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın 184 kilometrlik ilk etapında velosipedçimiz Matey Müqerli mərhələ qalibi ilə eyni göstəriciyə malik olsa da, fotofinişə əsasən ikinci yeri tutub. Turun 163 kilometrlik ikinci mərhələsində isə “Synergy Baku”nun iki üzvü - Kiril Pozdnyakov və Matey Müqerli finiş xəttini ilk 2 pillədə keçiblər. Bu amil K.Pozdnyakovun ümumi təsnifatda liderliyə yüksəlməsi ilə nəticələnib. M.Müqerli isə bu mərhələdən sonra ən yaxşı sprinterlər arasında ilk pilləni ələ keçirib. Diqqət çəkən daha bir məqam "Synergy Baku"nun komanda hesabında birinci yerə yüksəlməsi olub.
Üçüncü mərhələdə velosipedçilər 6 kilometr məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Kiril Pozdnyakov bu dəfə də hamıdan yaxşı nəticə göstərməklə liderliyini qoruyub. Eyni sözlər sprinterlərin mübarizəsində Matey Müqerliyə və komanda hesabına da aiddir.
Nəhayət, 123 kilometrlik sonuncu – dördüncü mərhələ Matey Müqerlinin finiş xəttini 1-ci keçməsi ilə əlamətdar olub. Onunla eyni nəticəyə imza atan Kiril Pozdnyakov fotofinişlə 14-cü olsa da, bu onun ümumi təsnifatda 1-ci yeri tutmasına mane olmayıb. M.Müqerli isə bu sıralanmada 3-cü olub. Bundan başqa, sprinterlər arasında M.Müqerli ən yaxşı velosipedçi kimi təltif edilib. "Synergy Baku" isə vaxt göstəricisinə görə 19 komanda arasında hamıdan öndə qərarlaşıb.
Qeyd edək ki, "Synergy Baku" "Szeklerland" Turunda Elgün Əlizadə, Ənvər Asanov, Kənan Qəhrəmanlı, İsmayıl İlyasov, Matey Müqerli, Yosip Rumaç və Kiril Pozdnyakovla təmsil olunub.