Mariya Stadnikdən ikinci gümüş, Yuliya Ratkeviç beşinci oldu

10:08 18 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 


Sportarena.az xəbər verir ki, güləş yarışlarının dördüncü günündə 48, 58 və 69 kq çəki dərəcələrində qadınlar arasında qaliblər müəyyənləşib.


48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Mariya Stadnik ilk görüşündə Argentinadan Patricia Bermudezi, ardınca Polşadan İvona Matkovskanı, yarımfinalda isə Bolqarıstandan Elıitsa Yankovanın tam üstünlüklə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Yaponiya təmsilçisi Eri Tosaka ilə qarşılaşan Mariya Stadnik sona 3 saniyə qalmış rəqibə xal verərək uduzub və Rio Olimpiadasını gümüş medalla başa vurub. 


Xatırladaq ki, buna qədər güləşçimiz Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), Dünya çempionu (2009), beşqat Avropa çempionu (2008, 2009, 2011, 2014, 2016) və Avropa Oyunlarının qalibi (2015)olaraq Azərbaycan qadın güləşində önəmli tarix yazıb. Bütün bu nailiyyətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.


58 kq çəkidə mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Ukraynadan Oksana Herhel, ardınca Kolumbiyadan Renteria Castillo üzərində inamlı qələbə qazanıb. Yarımfinalda Yaponiyadan üçqat Olimpiya çempionu Kaori İçoya uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Tunis idmançısı Marva Amri ilə qarşılaşan Yuliya Ratkeviç görüşü məğlub başa vurub və Rio Olimpiadasını 5-ci sırada tamamlayıb. 


Digər xəbərlər

Xəbər xətti