Taekvondoçumuz bürünc medal qazandı

12:59 20 Avqust 2016

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib.


Sportarena.az xəbər verir ki, 80 kq çəki dərəcəsində Azərbaycan milli komandasının şərəfini “Qəbələ” İdman Klubunun təmsilçisi Milad Beiqi Harçeqani qoruyub. 


Yarışa 1/8 finaldan başlayan taekvondoçumuz əvvəl Mali təmsilçisi İsmael Kulibalini 13:5, ardınca iranlı Mehdi Xodabaxşıni 17:5 hesabı ilə məğlub edib. Yarımfinalda böyük britaniyalı Lutalu Məhəmmədə 7:12 hesabı ilə uduzan Harçeqani bürünc medal uğrunda mübarizə aparmalı olub. Bu görüşdə polşalı Pyotr Pazinski ilə üz-üzə gələn taekvondoçumuz rəqibinə heç bir şans verməyib – 12:0.


Beləliklə, taekvondoçumuz Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. Bu, Rio-2016-da 4 idmançı ilə təmsil olunan “Qəbələ”nin 3-cü medalıdır. Digər iki uğur boksçuların hesabındadır ki, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıbsa, finala yüksələn Lorenzo Sotomayor (64 kq) ən azı gümüş medalı təmin edib.


Digər xəbərlər

Xəbər xətti