Bakı Şahmat Olimpiadasına hazırlıq işləri tam sürətlə davam edir.
Olimpiadanın Əməliyyat Komitəsi şahmatın təbliği istiqamətində də mühüm tədbirlər həyata keçirir. Belə addımlardan biri də, paytaxt küçələrində “şahmat” avtobuslarının fəaliyyətə başlamasıdır.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək “şahmat” avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib. Sözügedən ikimərtəbəli nəqliyyat vasitəsi paytaxt küçələrində şəhərin ən görməli yerlərində pulsuz fəaliyyət göstərəcək və şahmatın təbliğini həyata keçirəcək. Turda iştirak edənlərin avtobusda şahmat oynaması və Bakı Şahmat Olimpiadası haqda məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb.
“Şahmat” avtobusunun təqdimat mərasimində Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, yığma komandanın aparıcı üzvləri, jurnalistlər və könüllülər iştirak ediblər. Avtobusa baxış keçirilib və millimizin üzvləri burada quraşdırılmış lövhələrdə şahmat oynayıblar.
Daha sonra “şahmat” avtobusu ilk turuna başlayıb.
Qeyd edək ki, “şahmat” avtobusları sentyabrın 14-ə qədər fəaliyyət göstərəcək.