Radik İsayev: "Əlavə nəsə araşdırmağa da gərək yoxdu"

14:25 21 Avqust 2016

Taekvondo yarışlarında Azərbaycana tarixində ilk Olimpiya çempionluğunu qazandıran Radik İsayev mükafatlandırma mərasimindən sonra qısa açıqlama verib. 


Sportarena.az xəbər verir ki, Rio Olimpiadasında ilk qızıl medalımızın da sahibi olan idmançı bu qələbəsindən çox qürur duyduğunu bildirib.

- Nə düşünürsən? Olimpiya çempionu olmaq necə hissdir?

- Hələlik hiss elədiyim sadəcə ayaqlarımın ağrısıdır. İlk döyüşdən ağrıyırdı.

 

- Hər idmançı döyüşə çıxmamışdan qabaq öz-özünə söz verir ki, mən çempion olacam. Sən necə düşünürdün?

- Mən elə demirəm. Sadəcə çıxıram, bacardığımın ən yaxşısını edirəm. Orda artıq situasiyaya görə dəyişir. Özümə “çıxım mütləq çempion olacam” deyə bilmərəm.

 

- Rəqibin kimliyini biləndən sonra nə hiss etdin?

- Heç nə. Fərqi yox idi. Sadəcə başladım hazırlaşmağa.

 

- Məsələn, biləndə ki, ilk rəqib kimdi, onda nə düşündün?

- Biz onsuz da hamımız bir-birimizi tanıyırıq. Hətta əlavə nəsə araşdırmağa da gərək yoxdu. İdmandı, biri udur, digəri uduzur.

 

- Kimə həsr edirsən qələbəni?

- İlk azarkeşimə - anama. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün turnirin fərqi yoxdu, dünya çempionatı, Avropa çempinatı və ya Olimpiada.

 

- Bayrağımızı ən yüksəkdə görəndə, insanlar “Radik! Radik!” qışqıranda nə hiss edirdin?

- Sadəcə qürur duyurdum. O hissləri tam olaraq ifadə etmək olmur.

 

- Maraqlıdı ki, sən medalı Olimpiadanın sonlarında qazandın... Həm də bu ilk qızılımız idi...

- Hələ Lorenzo da var (boksçu Lorenzo Sotomayor (64 kq) - red.). Ona da uğurlar arzulayıram. Finaldadır, inanıram ki, uğur qazanacaq. Başqa nə deyə bilərəm ki? Qızıl haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi. Ancaq ardıcıl uğurlar gəldi, axırda da Azərbaycanın himnini dinlədik.

 

- Finaldakı rəqibin çox güclü idi, ancaq sən əla mübarizə apardın...

- Məşqçilərin tapşırıqlarını yerinə yetirdim və uğur qazandım.

 

- Maraqlıdır ki, döyüş vaxtı məşqçilərin kənardan verdiyi tapşırıqları eşidirsən?

- Ancaq ən yaxınımdakı məşqçini eşidirəm. Zalı isə eşitmirəm.

 

Səmayə MƏMMƏDOVA


Digər xəbərlər

Xəbər xətti