İkinci olimpiadada Azərbaycan bayrağını olimpiya səmasında ucaldan sərbəst güləşçi Toğrul Əsgərov "London-2012"ni qızıl medalla başa vurmuşdusa, bu dəfə Vətənə gümüş mükafatla dönür.
- Təbrik edirik. Gümüş medal qazandın və dalbadal ikinci dəfə Vətənə medalla qayıdırsan. Bu da böyük nailiyyətdir.
- Əlbəttə, buna görə sevinirəm. Olimpiadalar dörd ildə bir dəfə olur və bu yarışlardan medalla qayıtmaq uğur sayılmalıdır. Əlbəttə, çox istəyirdim ki, qızıl medal qazanım. Yarımfinaldakı görüşüm çox ağır keçsə də, qalib gəlmişdim, finala da köklənmişdim. Görüşün əvvəlində rəqibin, bilmirəm, ya başı, ya çiyni almacıq sümüyümə dəydi. Bir an içində gözüm qaraldı, heç nəyi görmürdüm, heç nəyi hiss etmirdim.
- Elə ikinci sualım da bu olacaqdı: finalda nə baş verdi?
- Sümüyümə bir bax (göstərir). Zərbəni hiss etmək olur. Heç özümə gəlməyə macalım da olmadı.
- Həmin an həkimə də müraciət edə bilərdin, deyilmi?
- Bilərdim. Amma nə baş verdiyini heç anlamadım. Sırf təsadüf nəticəsində bu talesizliyi yaşadım. Özüm gəlincə artıq gec idi.
- Yarımfinaldan sonra hamı artıq sənin çempion olacağını düşünürdü.
- Həqiqətən də yarımfinaldakı rəqibim dünya çempionu idi və onunla rəqabətdə qalib gəlib psixoloji üstünlük əldə etmişdim. Yenə də medalsız qayıtmadığım üçün şükürlər edirəm. Ötən dövrdəki zəhmətim, məşqçilərimin zəhməti, əziyyəti hədər getmədi. Amma qızılı əldən verdim və buna təəssüflənirəm. Hələ də özümə gələ bilmirəm. Bunu özümə bağışlaya bilmirəm.
- Sən hələ çox cavansan, söz deməyə, qələbələr qazanmağa çox imkanın olacaq.
- İnşallah, zaman göstərər.
idman.com.az