Boks üzrə Azərbaycan yığması Avropada 4-cü oldu

16:50 22 Avqust 2016

XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarının yekunları açıqlanıb.

Azərbaycan boks millisi “Rio-2016”da final həyəcanı yaşayan 12 ölkədən biri olub. Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan – Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınayıb. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız özbəkistanlı rəqibinə uduzsa da, gümüş mükafata layiq görülüb.

Daha bir boksçumuz – Kamran Şahsuvarlı (75 kq) da Braziliyadan medalla qayıdır. Olimpiyaçımız yığmanın hesabına bürünc mükafatı yazdırıb.

Nəticədə, Olimpiya Oyunlarını bir gümüş və bir bürünclə başa vuran komandamız “Rio-2016”da 10-cu yerə şərik olub. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada dördüncü olub. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb. Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından Azərbaycan Avropada ilk dördlükdə qərarlaşıb.

Medal sayında birinci yeri isə Özbəkistan tutub. Kuba kimi nəhənglə eyni sayda qızıl medal qazanan asiyalılar digər mükafatlarda da onları qabaqlayıblar. Fransa isə siyahıda üçüncü olub. Ümumilikdə, 19 ölkə üzvləri medala yiyələnib. Bunlardan on ikisi final həyəcanı yaşayıbsa, yeddisi yalnız bürünc qazanıb. Himni səslənən ölkələrin sayı isə səkkiz olub.


Digər xəbərlər

Xəbər xətti