Ötən gün paytaxtın AZAL klubu Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında 21 yaşadək futbolçulardan ibarət yığma komandamızla qarşılaşıb. Oyunda hesab açılmayıb. Matç başa çatdıqdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov sportal.az saytına müsahibə verib:
- Komandanızın hazırlıqları necə gedir?
- Artıq həftənin ikinci günündən məşqlərimiz başlayıb. Bu gün də 21 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirdik. Bilirsiniz ki, hal-hazırda dörd futbolçumuz yığmanın heyətindədi. İki yeni futbolçumuz – Fəriz Afşan və Brayan Foku yoxlanışdan keçirdik. Bu gün gördüyümüz işin səviyyəsinə baxmaq istəyirdim. Hələ ki, problemlər var. Hal-hazırda əlimizdə olan material göstərir ki, görəcək işlərimiz çoxdu.
- Keçən dəfə dediyiniz iranlı futbolçu Fəriz Afşandı?
- Bəli. Fəriz may ayından bu yana futbol oynamayıb. Oyununa baxmışıq və izləmişik. Ancaq Fəriz hazır deyil.
- Fərizi komandada saxlayacaqsınız?
- Fərizlə 1 illik müqavilə imzalamışıq.
- Fasilənin sonrakı dönəmindəki planlarınız necədi?
- Bizim ölkədən kənara çıxacaq maddi durumumuz yoxdu. Gələn həftə "Sumqayıt”la yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Sentyabrın 3-də daha bir yoxlama oyunu keçirəcəyik ki, hələlik rəqibimizin adına aydınlıq gəlməyib. Üçüncü həftədə isə sırf olaraq "Qarabağ”la oyununa hazırlıqlarına başlayacağıq.
- Komandanız ilk üç turdan sonra bir xal toplayıb. Yaranan fasilə komandaya nə dərəcədə təsir edəcək? Ümumiyyətlə, yetirmələrinizdən nə gözləyirsiniz?
- Biz allahın elçisi deyilik ki, bu suala tam dəqiq cavab verək. Nə gözlədiyimi deyə bilmərəm. Üç turdan sonra bir xalımız olmasına baxmayaraq, bu sualı mənə yox, büdcəsi çox olanlara vermək lazımdı. Hər halda, sadə və ya məğlub olası komanda deyilik. Biz gücümüz çatdığı qədər mübarizə aparacağıq. Hara qədər gedəcəyik, nə qədər mübarizə aparağıq, bunu deyə bilmərəm. Çalışacağıq ki, oyundan-oyuna inkişaf edib yaxşı nəticə qazanaq. Oynamaq üçün bizim potensialımız var. Geridə qalan üç oyunda da görsənir ki, buna qadirik. Sadəcə, yeni transferlərimizin komandaya uyğunlaşması lazımdı. Ötən il bizi hər kəs Premyer Liqanın autsayderi və ya birinci diviziona düşəcək komanda adlandırırdı. Allahın möcüzəsi o idi ki, biz altıncı turdan sonra dönüş edə bildik. İndi də üç oyuna bir xalımız varsa, deməli, nəsə edə bilərik. Bunun üçün işimizə daha məsuliyyətli olmalıyıq.
- Ruslan Nəsirlinin durumu sizi narahat etmir? Sanki çox kökəlib...
- Ruslan "Neftçi” ilə ilk turdakı oyunda qırmızı vərəqə aldı və əvəzedici komandaya göndərildi. İstər-istəməz, baş verən proseslər ona təsir edir. O, cəzasını çəkib. Hazırda milli komandadı və ayın 6-dan sonra komandamıza qoşulacaq. Hər-halda onun durumuna, çəkisinə baxıb nəsə qərar verəcəyəm. Millidə olduğu üçün onun hazırkı durumundan xəbərdar deyiləm. Əgər artıq çəkisi olsa, yenə cəzalanacaq.
- Tərlan müəllim, millimizin sabiq baş məşqçisi Berti Foqtsun açıqlamasını oxumamısınız?
- Hansı açıqlamasını?
- Onun verdiyi son açıqlamanı nəzərdə tuturuq...
- Yox vallah. Çörəyimizi yeyib, sonra da üzümüzə tüpürən adamların açıqlamaların oxumuram. Amma bilirəm ki, azərbaycanlı futbolçular haqqında nəsə deyib. Əgər məşqçilər haqqında nəsə deyibsə onu da sizdən eşidərəm...
- Foqts azərbaycanlı məşqçilərin işlərinə düzgün yanaşmamasından danışıb...
- Yaxşı, biz işimizdə düzgün yanaşmırıq. Altı il bizim çörəyimizi yedi, milyonlarımızı apardı. Foqts bizə nəyi qazandırdı ki, indi də bizim işimiz haqqında danışır. Yaxşı, Avropa Liqasının qrupuna düşən, bütün nəticələri verməyi bacaran Böyükağa Hacıyev 110 illikdə baş məşqçi idi və onun köməkçisi azərbaycanlı idi. Bu gün "Qarabağ”ı ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsinə qədər daşıyan Qurban Qurbanov azərbaycanlıdı və onun köməkçisi də yerli mütəxəssisdi. Nə oldu, azərbaycanlı məşqçilər bunları bacardı. Gəlmələri isə qaldır dağ başına, axırda da gedəndən sonra sənin arxanca danışsınlar. Necə olur ki, azərbaycanlı futbolçular "Qarabağ” və "Qəbələ”də yüksək səviyyədə oynayır, ancaq Berti Foqtsa gələndə Azərbaycanda yaxşı futbolçu olmur. Niyə? Foqts dahi futbolçu olsa da, onun səviyyəsi yoxdu. Əgər səviyyəsi olsaydı, bu gün azərbaycanlı məşqçilər və futbolçular haqqında o sözləri deməzdi.
- Mətbuatda yayılan məlumatlara görə, "Sumqayıt”ın baş məşqçisi Samir Abasov millimizin qapıçısı Kamran Ağayevə meyxana demək qadağası qoyub. Bilirik ki, futbolçunuz Ruslan Əmircanov da meyxana həvəskarıdı. Siz Ruslana belə bir qadağa qoymamısınız?
- Mən Samir Abasovun qərarına hörmətlə yanaşıram. Çünki klub onun klubudu və baş məşqçi özüdü. Ancaq mən futbolçularıma hər hansı qadağa qoymuram. Təsəvvür edin ki, bir insan ardıcıl olaraq 20 il səhərə eyni yeməyi yeyirsə, mən bunu ona qadağa qoya bilmərəm. Bu, onun psixologiyasına təsir edə bilər. Biz dahi futbolçuları görürük ki, gedirlər mahnı oxuyurlar. Yenə deyirəm, mən futbolçularıma heç bir qadağa qoya bilmərəm. Əgər onun həyat seçimi varsa, o, öz seçimində azaddı. Ancaq işimizdə də peşəkarıq. Əgər Ruslan işində peşəkar olamayacaqsa, cəzasını görəcək. Yox, o meyxana ilə zövq alırsa və işində peşəkardısa, mən ona heç nə deyə bilmərəm.