"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

15:58 30 Avqust 2016

Bu gün UEFA Gənclər Liqasında 2016-2017-ci illər mövsümünün “Çempionlar yolu”nun ilk iki mərhələsinin püşkü atılıb. 


Sportarena.az xəbər verir ki, yarışda ilk dəfə çıxış edəcək “Qəbələ”nin U-19 komandasının rəqibi də müəyyənləşib. “Qırmızı-qaralar” I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) klubu ilə qarşılaşacaq. Bu raundun ilk matçları sentyabrın 27-28-də, cavab oyunları oktyabrın 18-19-da baş tutacaq. “Qəbələ” ilk oyunu evdə keçirəcək.


Bu cütün qalibi II mərhələdə “Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək. Pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq komandalar ilk oyununu noyabrın 1-2-də, cavab matçını 22-23-də keçirəcək. “Qırmızı-qaralar” II mərhələyə yüksəlsə, ilk görüşə qonaq kimi çıxacaq.


Xatırladaq ki, 2013-2014 mövsümündən keçirilən UEFA Gənclər Liqasının ilk iki turnirində yalnız əsas komandası UEFA Çempionlar Liqasında çıxış edən klubların U-19 komandaları mübarizə aparıb. Ötən mövsümdən etibarən isə yarış yeni formatda keçirilir. Əsas komandası UEFA Çempionlar Liqasında oynayan klubların U-19 kollektivləri 8 qrupda qüvvəsini sınayır. Qaliblər 1/8 finala, qrup ikinciləri pley-offa yüksəlir. Gənclər arasında çempionu qrupda mübarizə aparmayanlar arasında UEFA reytinqində ən yüksək 32 pilləni tutanların təmsilçiləri isə olimpiya sistemi ilə iki mərhələdə qüvvəsini sınayır. “Qəbələ”nin də çıxış etdiyi “Çempionlar yolu”nun 8 qalibi gələn il baş tutacaq pley-offda qrup ikinciləri ilə görüşəcək və 1/8 finalçıları müəyyənləşdirəcək.


Digər xəbərlər

Xəbər xətti