Azərbaycan prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli Olimpiada iştirakçıları! Sizi – dünyanın bütün guşələrindən Bakıya toplaşmış şahmatçıları səmimi qəlbdən salamlayır, hər birinizə möhkəm cansağlığı, müvəffəqiyyət və xoş əhval-ruhiyyə arzulayıram. Əminəm ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaq.
Ümumdünya Şahmat Olimpiadasının bu günlərə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir. Rio-de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir. Tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilib. Azərbaycan klassiklərinin əsərlərində və orta əsr miniatürlərində şahmat oyunu ilə bağlı süjetlər dolğun şəkildə öz əksini tapıb. Təqdirə layiqdir ki, Avropa səyyahlarının xatirələrində Azərbaycanda bu oyunun geniş yayılması və hətta qadınların belə, şahmat oynaması haqqında ətraflı məlumatlar verilib.
XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter alıb, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlayıb. İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan verib. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib.
Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək. Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək".(Azərtac)