Xəbər verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin avqustun 29-da keçirilmiş iclasında “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunub, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxsin Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürməsi barədə qərar qəbul edilib. Bəyannamənin mətnini diqqətinizə çatdırırıq:
Mən, (Ad, soyad, ata adı) bununla aşağıdakıları bəyan edirəm:
Bəyan edirəm ki, AFFA-nın İntizam Qaydaları ilə, xüsusilə də “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı müddəalarla tanış olmuşam. Mənə aydındır ki, korrupsiya, oyun nəticələrinin potensial manipulyasiyası, yəni oyunun nəticəsinin və ya oyundakı hadisənin və ya hadisələrin əvvəlcədən razılaşdırılması və ya oyunun nəticəsinə və ya oyundakı hadisəyə və ya hadisələrə süni təsir göstərilməsi və bu kimi qeyri-qanuni hallar qadağandır və oyunların nəticəsi ilə bağlı manipulyasiyada təqsirli olan şəxs qanunla məsuliyyətə cəlb olunur və müəyyənləşdirilmiş müvafiq sanksiyalara məruz qalır.
Bəyan edirəm ki, istənilən manipulyasiya halları (birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və ya qeyri-maddi nemət, imtiyaz və ya güzəşt təklif olunması/istənilməsi və ya alınması, bu barədə təklifin və ya vədin verilməsi/qəbul edilməsi və ya hər hansı digər vasitə ilə sövdələşməyə daxil olma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə hər hansı hərəkətləri etmək və ya etməmək tələbi) və ya digər oyun nəticələrinə qanunsuz təsir halları ilə qarşılaşdığım zaman bu cür qeyri-qanuni prosesin iştirakçısı qismində çıxış etməyəcək və futbolun bütovlüyünü qorumaq məqsədilə xoşagəlməz hadisədən yayınmaqla, belə hallar barədə dərhal AFFA-nın prezidentinə və ya vitse-prezidentlərinə və ya AFFA-nın Baş Katibliyinə məlumat verəcəyəm.
Bəyan edirəm ki, oyunun nəticəsinin əvvəlcədən müəyyən olunması və ya buna cəhd və ya oyunlara hər hansı qanunsuz təsir şübhəsinin olması barədə məlumatım olduğu halda bu məlumatı dərhal müvafiq qurumlara, o cümlədən AFFA-nın prezidentinə və ya vitse-prezidentlərinə və ya AFFA-nın Baş Katibliyinə çatdıracağam. Bununla əlaqədar tərəfimdən hərəkətsizlik baş verməsi ilə bağlı hüquqi məsuliyyətimi və futbol qaydalarının və etik normaların pozulmasının potensial nəticələrini dərk edirəm.
Mənə aydındır ki, oyunların nəticəsi ilə bağlı manipulyasiya yolverilməzdir və bəyan edirəm ki, bu cür manipulyasiya hallarına qarşı mübarizə aparmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, belə halların qarşısının alınması, təqsirli şəxslərin məsuliyyətinin müəyyən edilməsi, şübhəli məqamların aşkar olunması və bu cür məqamlara aydınlıq gətirilməsində müvafiq qurumlara köməklik göstərəcəyəm.
Bəyan edirəm ki, futbol oyunları ilə bağlı heç bir mərc, lotereya və ya bənzəri oyunlarda iştirak etməyəcəyəm.
Bəyan edirəm ki, futbolda manipulyasiya, xüsusi ilə də oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair bu bəyannamənin tərtib edilməsini müsbət qarşılayır və bu bəyannaməni imzamla təsdiq edirəm.(affa.az)