"Prezidentin ilk gedişi etməsi bizə əlavə güc verir"

15:52 3 Sentyabr 2016

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət əsas komandamız Zimbabve ilə qarşılaşır. Dördüncü lövhədə yarışan Eltac Səfərli Zimbabve təmsilçisi Emarald Muşoreni məğlub edib.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, partiyadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən Səfərli ilk öncə azarkeşlərin dəstəyindən söz açıb: “Şahmat Olimpiadasının Bakıda keçirilməsi çox müsbət məqamdır. Doğma şəhərimizdə yarışın yüksək səviyyədə keçirilməsi üçün gözəl şərait var. Bu, iştirak etdiyim sayca dördüncü, ümumilikdə isə ən yaxşı olimpiadadır. Azərbaycanda oynamaq çox xoşdur. Amma asan deməzdim. Çünki şahmat hər yerdə eynidir. Bu olimpiadada bizi çoxlu azarkeş dəstəkləyir. Onların dəstəyi bizə köməkdir. Məqsədim öz lövhəmdə ən yaxşıların arasında düşməkdir”.
Təcrübəli qrossmeyster olimpiadaya hazırlıqla bağlı bunları söyləyib: “Komandamız olimpiadaya çox ciddi hazırlaşıb. Olimpiadanın əsas hazırlıqlarına 3 ay əvvəl start vermişik. Çox təcrübəli məşqçimiz, kapitanımız var. Yarışa intensiv şəkildə hazırlamışıq. Reytinqimin yüksək olması əlavə motivasiyadır. İnanıram ki, bu yarışdan sonra reytinqim 2700-ü keçəcək. Məşqlərin, toplanışların xeyri olacaq”.
Eltac Səfərli dövlət başçısı İlham Əliyevin şahmatçılara göstərdiyi diqqət və qayğının onların məsuliyyətini artırdığını söyləyib: “Cənab prezident hər zaman bizə diqqət və qayğı ilə yanaşıb. Daim dövlət başçımızın dəstəyini hiss etmişik. Olimpiadada ilk gedişi onun etməsi bizə əlavə güc verir. Ümid edirəm ki, sonda çempion olacağıq və bağlanış mərasimində də cənab prezidentimiz bizi təbrik edəcək”.
Milli komandamızın üzvü dördüncü lövhədə yer alması ilə bağlı sualı belə cavablandırıb: “Kimin hansı lövhədə oynaması barədə komanda daxilində geniş müzakirə apardıq. Yekunda belə qərara gəldik ki, beşinci lövhədə yarışım. Məqsədim bacardıqca daha çox xal toplamaqdır. Rusiyada Aleksandr Qrişuk da beşinci lövhədə oynayır. Halbuki o, çox güclü şahmatçıdır və birinci lövhədə də yarışa bilər. Karyeram ərzində bütün lövhələrdə oynamışam”.
İlk turda favorit komandaların bəziləri lider şahmatçılarına istirahət versə də, yığmamız tam heyətlə mübarizə aparıb. Səfərli bunun səbəbini belə izah edib: “Adətən komanda yarışlarında ilk turda bizdə liderlərdən kimsə dincəlir. Bu dəfə qərara gəldik ki, əsas heyətlə oynayaq. Fikrimcə, qələbə qazandıqdan sonra idmançılarımız əlavə ruh yüsəkliyi qazanacaqlar”.


Digər xəbərlər

Xəbər xətti