Robert Prosineçki: "Toplanışla bağlı bir sürpriz varsa, o da... "

21:08 3 Sentyabr 2016

“Hazırlığın gedişindən razı qalmışam. Avqustun 24-dən komanda toplanışdadır. Bakıda da bunu bildirmişdim. Şərait də məni tam qane etdi. Təəssüf ki, iki futbolçumuz - Bədavi və Ruslan zədəli olduğu üçün bizimlə birlikdə deyilllər. Sabahkı oyuna tam hazırıq. İlk oyuna qələbə ilə başlamaq istəyirik. Hədəfimiz Bakıya 3 xalla qayıtmaqdı”. Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
 
DÇ-2018-in seçmə mərhələsində səfərdə San-Marino ilə keçiriləcək oyundan danışan xorvatiyalı mütəxəssis fikirlərini bölüşüb: “Əminəm ki, hamını əsas heyət maraqlandırır. Təəssüf ki, zədəli futbolçularımız var. Hava yaxşıdır və heç çətinlik, psixoloji gərginlik yoxdur. Sabahkı oyunu böyük həvəslə gözləyirik. Məşqdəki performansı göstərsək, heç bir çətinliyimiz olmayacaq. Bu oyuna optimist baxmalıyıq. Son yoldaşlıq oyunlarından da razı qalmışam. Komandam həm fiziki, həm də psixoloji baxımdan hazırdır. Klublarında əsas heyətə düşməyən futbolçular özlərini yaxşı tərəfdən göstərir. Ramil Şeydayev və Emin Mahmudov da komandaya sağlam rəqabət gətirir”.
 
Baş məşqçi San-Marino əhalisini bu gün Respublika Günü olması münasibəti ilə təbrik edib: "Bayram öz yerində, ancaq sabah biz futbol oynayacağıq. Son günlərdə komandamdan həzz alıram. San-Marino futbolçularının öz millətinə hədiyyə verməməsinə çalışacağıq. Bizi yalnız qələbə qane edir. Son oyunlarda qol şanslarından istifadə edə bilməmişik. Bunun da üzərində işləmişik. Rəqibi kifayət qədər analiz etmişik”.
 
Xorvatiyalı çalışdırıcı rəhbərlik etdiyi komandanın Rusiyada keçiriləcək DÇ-2018-də iştirakının mümkünsüz olmadığını söyləyib: “Artıq ilyarımdır Azərbaycandayam və komandaya hamıdan çox mən inanıram. Ən böyük optimist də mənəm. Ancaq çətin qrupa düşmüşük. Mən komandada olan hər kəsə inanıram və deyirəm ki, niyə də yox? İstərdim ki, hər kəs komandaya inansın və şüarımız olan "Niyə də yox?" desin. Biz böyük komandalara qarşı futbol oynamağı bacardığımızı göstərmişik".
 
O, klubunun heyətində meydana çıxmayan futbolçuların milliyə dəvət olunmasından danışıb: "Kamran, Ramil, Emin klublarında oynamır. Siz düşünürsünüz ki, onlar meydana çıxacaq? Ramil və Emil yeni oyunuçlardır. Onları dəvət etmişəm ki, hər şeyi canlı görüm. Mahmudovla bağlı onu deyirəm ki, toplanışla bağlı bir müsbət sürpriz varsa, o da Emindir. Onun topla davranışı yüksək səviyyədədir və inanıram ki, qısa zamanda "Boavişta"nın heyətində yer alacaq. Həmin mövqenin oyunçuları rəqabət hiss edəcəklər. Azərbaycanda bu gün ən yaxşı qapıçı Kamrandır. Bilmirəm nəyə görə, Kamran Azərbaycanda klub tapa bilmir? Mən Səlahətlə Anara da böyük hörmət edirəm”.
 
Milli komandanın çalışdırıcısı San Marinoya qarşı start heyətini də açıqlayıb: “Əsas heyətlə bağlı çox düşündüm və çətinlik çəkdim. Son 10-12 gündə oyunçuların durumunu nəzərə alaraq çətinlik çəkdim. Mənim fəlsəfəm hücumameylli oyundur. Heyətdə Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanov yer alacaq”.
 
R.Prosineçki millinin heyətinə cəlb olunacaq Dəniz Yılmazla bağlı danışmaq istəməyib: “Dəniz Yılmazla bağlı məsələyə gəlincə, bu barədə indi danışmaq istəmirəm. Çünki bütün diqqətimizi sabahkı oyuna yönəltmişik. San Marino ilə oyundan sonra Dəniz Yılmazla bağlı danışaram”.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti