Millimizdən ayrılan futbolçu: "Hər kəsə sübut edəcəm ki, mənim haqda düşündükləri səhv idi"

01:11 6 Sentyabr 2016

21 yaşlılardan ibarət milli komandamızın və "Zirə"nin üzvü Adil Nağıyev sportal.az-a müsahibə verib.
 

Sportarena.az həmin müsahibəni təqdim edir:
 
- 21 yaşlılardan ibarət milli komandanın heyətindən niyə kənarlaşdırıldın?
- Hazırki durumum və oyunum baş məşqçini qane etmədi. Biz də danışdıq, bir-birimizi başa düşdük və milli komandanın düşərgəsindən ayrıldım. Məni başa düşdüyü üçün baş məşqçiyə təşəkkür edirəm.
 
- Baş məşqçini durumunun qane etməməsinin səbəbi nədir?
-  Əsas səbəb oyun praktikasından əziyyət çəkməyimdir. “Zirə”də ehtiyyatda qalıram.
 
- Mövsüm başlayandan “Zirə”də əsas heyətə düşə bilmirsən. Bu nə ilə bağlıdır?
- Hələ 3 tur keçib. Qarşıda uzun marafon var. 3 tur ehtiyatda qalmaqla mövsüm bitmir. Baş məşqçimizin fikrinə hörmətlə yanaşıram. Ümid edirəm ki, mənə də şans veriləcək və mən də bu şansdan istifadə edib yenidən əsas heyətə qayıdacam. Buna inanıram.
 
- Ötən mövsüm sənin üçün uğurlu oldu. Əsas milliyə də dəvət almışdın. Bundan sonra isə sanki karyeranda düşüş müşahidə olunur. Arxayınlıqdan deyil ki bu?
- Xeyr. Mən heç vaxt arxayınlaşmıram. Hər zaman öz üzərimdə çalışıram. Məşqimi edib, öz şansımı gözləyirəm. Məşqçilərimiz mənə inanır. Onların etimadını doğrultmağa çalışacam. Bu il mənim üçün ötən ildən də uğurlu olacaq.
 
- İndi “Zirə”nin düşərgəsindəsən?
- Bəli. Komanda ilə birlikdə məşqlərə qoşulmuşam. Hər şey yaxşıdır.
 
- Növbəti turun hazırlıqları necə gedir?
- Məşqlərdə səylə çalışırıq. Bizi “Kəpəz”lə çətin oyun gözləyir. Hər kəs məşqçinin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışır. “Kəpəz”lə matça qələbə üçün çıxacağıq. İnşallah Gəncə səfərindən 3 xalla qayıdarıq.
 
- Premyer Liqada yaranmış bir aylıq fasilə klublara necə təsir edir?
- Məncə bunun heç bir pis təsiri yoxdur. Daha çox çalışmaq üçün vaxt olur. Bu müddət ərzində çatışmamazlıqların, problemlərin üzərində işləmək olur.
 
-“ Zirə”də iki legioner mərkəz müdafiəçisi var. Onlarla rəqabət aparmaq çətin deyil?
- Mən heç vaxt mübarizədən və rəqabətdən qorxmamışam. Xarakterim belədir. Sona kimi də mübarizə aparacam. Futbol mübarizələri sevir. Kim layiq olsa əsas heyətdə olacaq.
 
- Millidən kənarlaşdırılmağın səni ruhdan salmır?
- Xeyr, əksinə bu mənə yaxşı mənada təsiredəcək. Daha çox çalışmağım lazımdır. Hər kəsə sübut edəcəm ki, mənim haqda düşündükləri səhv idi.
 
- “Zirə”nin bu mövsüm hədəfi nədir?
- Keçən ilki nəticəni təkrarlamağa çalışmalıyıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.


Digər xəbərlər

Xəbər xətti