Mahir Mədətov: "Baş məşqçini günahlandırmaq olmaz"

00:30 7 Sentyabr 2016

21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücumçusu Mahir Mədətov Farer adaları ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. 


Sportarena.az-ın məlumatına görə, gənc hücumçu əvvəlcə qarşılaşma barədə fikirlərini açıqlayıb:

- Oyuna yaxşı təsir başlamadıq. Farer adalarının hesabı açması gözlənilməz oldu. Fasilədə komanda daxilində söhbətimiz oldu. Uşaqlarla sözü biryerə qoyduq ki, mütləq qələbə qazanmalıyıq. Qalib gəlməyi çox istəyirdik. Təəssüf ki, alınmadı. Yalnız 1 xalla kifayətləndik. 

- Farer adalarını məğlub edə bilsəydiniz, U-21 10 xal toplamaqla rekorda imza atacaqdı...
- Bu, seçmə mərhələdə son ev oyunumuz idi. Ona görə də qələbə qazanmağı arzulayırdıq. Uduza bilməzdik. Qol vurmaq üçün şanslarımızı dəyərləndirsəydik, bəlkə də nəticə fərqli olacaqdı.

- Heç-heçə arxayınçılıqla əlaqələndirmək mümkündür?
- Qətiyyən. Hər hansı arxayınçılıqdan söhbət gedə bilməz. Oyuna çox ciddi hazırlaşmışdıq. Təlim-məşq toplanışımız yüksək səviyyədə keçmişdi. Məşqlər, istirahət - hər şey qaydasında idi. Bu gün qələbə qazana bilmədiyimiz üçün çox təəssüflənirik. Futbolda belə hallar olur. Çalışmalıyıq ki, növbəti oyunlarda yaxaladığımız şansları dəyərləndirək. 

- Bəlkə problem baş məşqçidədir?
- Yox, belə deyil. Yaşar müəllim də uğur qazanmağımız üçün əlindən gələni edir. Komandanı lazımi səviyyədə motivasiya edir. Xal itkisinə görə baş məşqçini günahlandırmaq olmaz. 

- Millimiz məğlubiyyətdən məhz sənin vurduğun qolla qaçdı. Bu fikirlərini bölüşərdin.
- Qolu mənim, ya bir başqasının vurmağı önəmli deyil. Əsas odur ki, fərqlənməyi bacardıq. İkinci hissədə toparlandıq, özümüzə gəldik. Rəqib bütün komanda ilə arxaya çəkilmişdi. Farer adaları qolu da heç nədən vurdu. Arxada boşluq yarandı və bundan istifadə etdilər. 

- Əsas millinin San Marino ilə görüşünə dəvət alsan da, meydana çıxmadın. Özünü əsas yığmada oynamağa hazır sayırsan?
- Millidə ilk növbədə özümü göstərməliyəm. Bunun üçün məşqlərdə tam gücümlə çalışıram. Meydana çıxmağa hazır idim. Yekun qərarı baş məşqçi verir. Onun qərarına hörmətlə yanaşıram. 

- Ramil Şeydayev artıq millimizin üzvüdür. Onun yığmamıza gəlişi böyük səs-küyə səbəb oldu. Bu məqam narahatçılıq doğurmur?
- Ramil Rusiyanı Azərbaycana dəyişdi. Üstəlik, “Trabzonspor”da forma geyir. Səs-küyü məhz bununla əlaqələndirmək olar. Ona görə çoxları Ramilin debütunu gözləyirdi. Mən üzərimə düşəni edirəm. Başımı aşağı salıb, tam gücümlə məşqlərdə çalışıram ki, həm milliyə, həm “Qarabağ”a kömək edə bilim/(qol.az)


Digər xəbərlər

Xəbər xətti