XV Paralimpiya Oyunları başlayır

11:11 7 Sentyabr 2016

Bu gecə  Rio-De-Janeyro Yay Paralimpiya Oyunlarına start götürəcək.

Yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15-də)  "Marakana" stadionunda açılış mərasimi təşkil ediləcək.

Tədbir zamanı Azərbaycanın bayrağını cüdo üzrə ikiqat paralimpiya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, eləcə də 2 qat dünya və 6 qat Avropa çempionu İlham Zəkiyev aparacaq. Üstəlik, Açılış mərasimində azərbaycanlı izləyicilər üçün sürpriz də hazırlanıb.

Yarışlara sentyabrın 8-dən start veriləcək. Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 27 paralimpiyaçı ilə təmsil olunacaq ki, onların da 6-sı qadındır. İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftin növlərində 44 medal uğrunda mübarizə aparacaqlar.

Nümayəndə heyəti Rio-de-Janeyroya sentyabrın 2-də yola düşüb. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib.

Paralimpiada sentyabrın 18-də başa çatacaq.


Xəbər xətti