Vilyarealın keçmiş baş məşqçisi Marselino Qarsiya Toral klub prezidenti Fernando Roiqin onun istefası ilə bağlı açıqlamasına münasibət bildirib.
«Mən bu barədə danışmaq istəmirdim. Ancaq əgər cənab Roiq bəyanat yayıbsa , özümü müdafiə etməliyəm.
Mən heç bir oyunu satmamışam. Prezidentlə münasibətlərimiz həmişə yaxşı olub. O , əvvəllər mənim düzgünlüyümə heç vaxt şübhə etməyib.Ötən bazar telefonla danışığımız zamanı da mənim dürüstlüyümə şübhə etmədiyini bildirmişdi.
Bu isə onun əvvəlki adam olduğundan xəbər verir. Bizim ayrılmağımızın səbəbi müxtəlif fikirdə olmağımız olub.
Sportinqlə bağlı bəyanatım zamanı səhv elədiyimi anlayıram. Lakin bu oyunu satmaq deyil. Mən heyətdə dəyişikliyi həmişə edirəm. Elə vaxt olur ki, 10 müxtəlif futbolçu meydana buraxıram.
İstənilən orqanla bağlı bu barədə araşdırma aparılmasına razıyam. Gizlədəsi bir şeyim yoxdur», – deyə Marselino bildirib.
Xatırladaq ki, ötən mövsümün sonunda Vilyarealı məğlub edən Sportinq primeroda qala bilmişdi. Marselino isə Xixon komandasını təbrik etmişdi.