İordaniyada böyük uğur qazanan yığmamız vətənə qayıtdı - VİDEO

18:10 8 Sentyabr 2016

İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı başa çatıb. Bu mötəbər yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri iştirak ediblər. Milli komandamız turnirdən böyük uğur qazanaraq geri dönüb. Atletlərimiz 2 qızıl və 5 gümüş medal əldə edərək çempionatın ən yaxşı komandaları sırasına daxil olublar.


Qadınlarımızdan Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində qızıl, Anastasiya İbrahimli isə 69 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb.


Kişilərdən Rövşən Fətullayev 94 kq çəki dərəcəsində qızıl, eyni çəkidə Nailxan Nəbiyev gümüş medal əldə edib. Bununla yanaşı, Allahyar Abışov 62 kq, Əfqan Bayramov 77 kq, Azər Məmmədli isə +105 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Sentyabrın 9-da milli komanda tam heyətlə vətənə qayıdıb. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çoxsaylı azarkeşlər, həmçinin ölkə KİV-lərinin nümayəndələri qarşılayıblar. Məşqçilər və idmançılarımıza gül dəstəsi və çələnglər təqdim olunub. Onlar yarış təəssüratları, qələbə sevincləri televiziyalarla bölüşüblər. Sonda xatirə şəkli çəkilib.


Bu uğurlu çıxış münasibətilə bütün ağır atletika ailəsini, həmçinin ölkə idmansevərlərini təbrik edir, bundan sonra da belə qələbələrə sevinməyimizi arzulayırıq!


Digər xəbərlər

Xəbər xətti