“İnter” klubunun prezidenti Rəşad Qasımov apasport.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir.
- FİFA-nın “İnter”ə verdiyi iki dönəm transfer qadağası cəzası ilə bağlı AFFA-ya gedəcəyinizi demişdiniz. Federasiyaya getmisinizmi?
- Bəli, AFFA rəsmiləri ilə məsələ barədə danışdıq, müzakirə apardıq. Sadəcə, cəzanın hansı transfer dönəmləri üçün nəzərdə tutulduğunu dəqiq öyrənmək istəyirdim. Artıq bütün detallarla tanışam.
- FİFA bu cəzanı yalnız sabiq futbolçunuz Yohan Bokonyanoya olan borca görə verib?
- Təkcə Bokonyanoya olan borc deyil. Başqa bir neçə məsələ də var idi.
- Bütün detallarla tanış olduğunuzu dediniz. Sizcə, FİFA bu cəzanı tətbiq etməkdə haqlıdımı?
- Qaydaları pozmuşuqsa, deməli, haqlıdı. Dünya futbolu FİFA-nın qaydaları ilə yaşayır. Bu qayda da pozulubsa, təbii ki, qurum buna görə cəza verəcək və verib də.
- Bu qərar may ayında qəbul edilibsə, niyə sizə indi bildirilir?
- Bunun səbəbini FİFA-dakılar daha yaxşı bilər. Amma belə cəza mənim xeyrimədi. Çünki bu qərar may ayında açıqlansaydı, indi “İnter”də kimin oynayacağını nəinki siz, heç mən təxmin edə bilmirəm. Əgər mayda bildirilsəydi, cəza bu yay və növbəti qış “transfer pəncərəsi”ni əhatə edəcəkdi. Belədə də heç kimi heyətə cəlb edə bilməyəcəkdik. Bu qərarın gecikdirilməsi “İnter”ə əlavə köməklik oldu.
- Başqa məsələlərin olduğunu da dediniz. Cəzanı şərtləndirən digər səbəblər nələrdi?
- Qərar may ayında verildiyinə görə, həmin ərəfədə FİFA qarşısında qaldırılan bütün iddialar nəzərdə tutulub. İddia da birdən, ikidən, üçdən çox olanda, FİFA belə bir cəza tətbiq edir. “İnter”lə bağlı da kifayət qədər iddialar var idi.
- Ancaq əksər oyunçulara olan borcunuzu ödəmişdiniz...
- Burda söhbət borcun ödənilməsindən getmir. Problem bu işlərin açılmasındadı. Borcu ödəsən də, ödəməsən də, bunun cəzası başqadı. Belədə xallar silinir.
- Apellyasiya məhkəməsinə müraciət etmək fikriniz varmı?
- Xeyr, apellyasiya verib, FİFA-nın qarşısında nəyi irad tuta bilərəm?
- 2018-ci ilin yanvar ayına qədər transfer edə bilməyəcəksiniz. Hazırkı heyəti həmin vaxta qədər qoruya biləcəksinizmi?
- Hesab edirəm ki, kifayət qədər güclü heyətimiz var və bu komanda çox şeyə qadirdi. İddialı heyət yığmışıq və iddialı komanda olaraq da qalırıq. Hələ ki, heç nə dəyişməyib. Qışda komandanı gücləndirmək fikrimiz olsaydı belə, hazırkı kollektivin göstərdiyi nəticəyə uyğun hərəkət edəcəkdik. Nəticə ürəkaçan olarsa, komandanın gücləndirilməsinə də ehtiyac qalmaz.
- Futbolçularla görüşünüz oldumu? Onların bu qərara reaksiyaları nədi?
- Dünən axşam yığışıb söhbət elədik. Yəqin ki, hərə özünə görə bir qərar çıxaracaq. Bundan sonra hər şey komandanın öz əlindədi. Avrokuboka düşmək, orda qrupa qədər irəliləmək hazırkı futbolçulardan asılıdı.