Uşaqların xarici səfər arzuları - BÖYÜYƏNDƏ GERÇƏKLƏŞƏCƏK?

10:52 9 Sentyabr 2016

Futbolu topsuz təsəvvür etmək olar? Əlbəttə, bu, mümkün deyil. Eynilə müasir futbol klublarını da uşaq futbol məktəblərsiz və akademiyalarsız təsəvvür etmək olmur. Dövrümüzdə hər bir futbol klubunun uşaq futbol məktəbi fəaliyyət göstərir ki, bununla da məqsəd əsas komandaya futbolçular yetişdirmək, onların satışından gəlir götürməkdir. Avropa ölkələrini təmsil edən əksər klublar bu sahəyə xüsusi diqqət göstərirlər. Nəticədə hər il həmin akademiyalarda yetişən neçə-neçə gənc futbolçu peşəkar futbola qədəm qoyur. Azərbaycanda da klublar var və hər klubun futbol məktəbi fəaliyyət göstərir. Necə fəaliyyət göstərməsi hamıya məlumdur. Görünən budur ki, Avropa ölkələrindən çox geri qalırıq. Bizdə də hər il neçə-neçə futbolçu yetişir, peşəkar futbola “salam" deyir. Amma hansı səviyyədə? 

Ölkəmizdə Premyer Liqa klublarının hamısının nəzdində uşaq futbol məktəblərinin əksəriyyəti məcburiyyətdən yaradılıb. Çünki qaydalara görə klublarının nəzdində belə məktəblərinin olması məcburidir. Əgər onların qarşısına belə tələb qoyulmasaydı, əminliklə deyərdim ki, 8 komandanın çoxu bu işdən böyük həvəslə imtina edərdi. Deməli, peşəkar deyillər. Məhz bu həvəssizliyin, etinasızlığın nəticəsidir ki, “səkkizliy"in yarıdan çoxunun uşaq futbol məktəblərinin fəaliyyəti bərbad vəziyyətdədir və göstəri xarakteri daşıyır. 
Görünən budur ki, Azərbaycanda uşaq futbolu arzuolunan Avropa səviyyəsindən çox geri qalır. Klublarımızın hazırki maliyyə durumu, bəzilərində uşaq futboluna qeyri-peşəkar yanaşma bu vəziyyətin hələ çox davam edəcəyinə işarədir. Amma kiçik maliyyə vəsaiti və istək olsa, bəzi çatışmazlıqları aradan qaldırmaq mümkündür ki, bu haqda yazının sonunda. İndi isə mövzuya qayıdaq. Hər bir uşaq futbol məktəbində məşqçilər mövsümü əhatə edən proqram əsasında işlərini görməlidirlər. Proqramda futbolçuların metodiki, fiziki, taktiki, texniki və psijoloji cəhətdən necə hazırlanmaları, məşq prosesləri və s. göstərilməlidir. Burada həmçinin, komandaların ölkə xaricində gedəcəkləri turnirlər, keçəcəkləri təlim-məşq toplanışları da daxildir. Klubların ağır maliyyə vəziyyətlərini nəzərə alsaq, indiki zamanda uşaq komandalarının ölkə xaricinə göndərilməsi mümkün deyil və bu fikri səsləndirdiymə görə mənə irad bildirənlər tapılacaq. Həqiqətən, əgər əsas komanda pulsuzluq üzündən təlim-məşq toplanışınölkə daxilində keçirsə, klubun uşaq komandasının xaricdə nə işi? 2-3 il əvvələ kimi klublarımız arasında uşaq komandalarını xarici səfərlərə göndərənlər var idi. İndi də var. Amma həmin məktəb Premyer Liqa klublarının nəzdində olmadığından adını çəkmirik. Etiraf edək ki, uşaq futbolunda komandaların il ərzində bir necə turnirdə iştirak etməsi onların gəcələkdə səviyyəli futbolçu kimi yetişməsinə əvəzsiz təsir göstərmiş olur. Bunu tanınmış futbol mütəxəssislərimiz də təsdiqləyirlər.

Mütəxəssislər səfərlərin vacib olduğunu söyləyirlər
Onlardan biri, neçə-neçə futbolçunun yetişməsində əməyi olmuş Vaqif Paşayev futbolçu kimi püxtələşməsi üçün gənclərin “poezdka"lara aparılmasının vacib olduğu fikrindədir: “Hansısa komanda çempion olanda futbolçular düşünürlər ki, onlardan güclüsu yoxdur. Biz nə qədər onlara belə olmadığını desək də, xeyri olmur. Futbolçular ölkə xaricinə gedəndə, turnirlərdə iştirak edəndə əsl gücləri, səviyyələri ortaya çıxır. Belə də, arxayınlaşmırlar və məcbur olub öz üzərlərində işləyirlər. Bir neçə il əvvəl çalışdırdığım uşaq komandalarından birini İngiltərəyə turnirə aparmışdıq. Heyətdə Rəşad Sadıqov, Rəşad Sadiqov, Rail Məlikov və digərləri var idi. Orada bir neçə ölkənin, o cümlədən İngiltərə, ABŞ komandaları ilə oyunlar keçirdik. Turnirdən sonra uşaqlar deyirdilər ki, Vaqif müəllim, biz indi sizin hqlı olduğunuzu anladıq".
Vaqif müəllim deyir ki, SSRİ vaxtı belə səfərlər tez-tez təşkil edilirdi. Bu da uşaqların həqiqi hazırlıq səviyyəsinin müəyyən edilməsi, onlarda olan çatışmazlıqların üzə çıxması, dünyagörüşlərinin artması və s. deməkdir. Uşaq komandalarımızın səfərlərə getməsi həm də məşqçilər üçün əhəmiyyətlidir: “Yaxınlarda Rusiya mətbuatında oxudum ki, ölkədə hər il 600-dən çox məşqçi ölkə xaricində kurslara göndərilirlər. Orada öyrəndiklərini öz futbol məktəblərində tətbiq edirlər. Rəhbərlik də onlardan bunu tələb edir. Fikrimcə, hər komanda hər bir uşaq komandası il ərzində 2-3 dəfə xarici ölkələrdə təşkil olunan turnirlərə göndərilməlidirlər. Amma indiki zamanda bunu etmək mümkün deyil. Çünki klublarımızın pulu yoxdur".
Uşaq futbolunda digər tanınmış futbol mütəxəssisi İslam Kərimovun mövzu ilə bağlı fikirləri Vaqif müəllimin fikirləri ilə üst-üstə düşdü: “Uşaqların gələcəkdə peşəkar futbolçu kimi yetişməsi üçün onların xarici ölkələrdə keçirilən turnirlərdə iştirakı vacibdir. Bu, onların səviyyələrinin artmasına, dünyagörüşlərinin çoxalmasına, futbola münasibətinin dəyişməsinə səbəb olacaq. Uşaq hər komandadan nəsə götürəcək, “oğurlayacaq". Özüm bir neçə klubun futbol məktəbində, o cümlədən Sürixin “Qrasshoppers", Madridin “Real", “Moskvanın “Spartak" klublarının futbol akademiyalarında olmuşam. Onlarda uşaq, futbolçuya münasibət çox fərqlidir. Uşaq futboluna daha peşəkar yanaşma var. Bu fərqləri məşqçilərlə yanaşı uşaqlar da görməlidirlər".
İslam müəllimin sonuncu dəfə 2013-cü ildə “Neftçi"nin uşaq komandalarından biri ilə Tiflisdəki turnirdə iştirak edib. Həmin turnirdən sonra ilk dəfə səfərdə olan uşaqların davranışında, futbola münasibətində əhəmiyyətli dəyişikliklərin olduğunu deyir.

“Qəbələ” və “Neftçi” gözləyir, “Qarabağ”la “İnter” “yox” deyir
Premyer Liqa klublarının nəzdində fəaliyyət göstərən məktəb və akademiyaların bu sahədəki vəziyyətilə maraqlandıq. Son çempion “Qarabağ"ın uşaq futbolu üzrə koordinatoru Emin Suellə əlaqə saxladıq. Türkiyəli mütəxəssi klubun uşaq futboluna daim diqqət ayırdığını deməklə yanaşı, bu məsələyə bir qədər fərqli yanaşdıqlarını söylədi: “İlk növbədə məqsədimiz məşqçilər hazırlayıb, onların təcrübələrini artırmalarına yardımçı olmaqdır. Bu mənada məşqçilərin xarici ölkələrdə praktika keçməsinə üstünlük veririk. Ötən il Con van Leonun dönəmində akademiyanın 17 məşqçisi bir neçə gün Hollandiyada oldu və orada “Utrext", “Ayaks", PSV kimi uşaq futbolu inkişaf etmiş akademiyalarda praktika keçdilər, oranın iş prinsipi ilə yaxından tanış oldular, öyrəndiklərini öz komandalarımızın məşqlərində tətbiq etdilər". Emin bəyin sözlərinə görə, uşaq komandalarının xarici ölkələrdə keçirilən turnirlərdə iştirakı lazımdır. Amma hansı turnirlərdə? Komandaların səviyyəsi aşağı, iştirakçıları tanınmayan turnirlərdə iştirak onlara xeyirdən çox ziyan verə bilər. Elə turnirlərdə  iştirak etmək lazımdır ki, oradakı komandalar daha səviyyəli olsunlar. Bu halda futbolçuların nəyə qadir olduqları bilinəcək: “Əlbəttə, bu il çalışacağıq ki, hansısa komandamızı turnirlərə göndərək. Əgər həmin turnirdə Avropanın tanınmış komandaları təmsil olunacaqlarsa. “Barselona"nın akademiyası  ilə danışıqlar gedir, əgər alınsa, bu il onların təşkil etdiyi turnirlərdən birinə qatılmaq fikrindəyik. Daha çox məşqçilərimizin tanınmış futbol klublarının akademiyalarında praktika keçməsinin tərəfdarıyıq. Fikrimcə, bunu digər klublarımız da etsələr, gələcəkdə daha çox xeyir görərlər". 
O ki qaldı komandaların ölkə xaricində təlim-məşq toplanışı keçmələrinə, Emin Suel əsasən 16 yaşından yuxarı futbolçuların hazırlıq keçmək üçün Bakını tərk etdiklərini dedi. O da həmişə yox və ancaq ölkə daxilində. Aşağı yaşlı futbolçular isə çempionata Bakıda hazırlaşırlar. 
“Bakı"nın dağılmasından sonra ölkənin ən yaxşı uşaq futbol məktəbi sayılan “Qəbələ"nin Futbol Akademiyasının meneceri Nail Kərimov komandaların təlim-məşq toplanışlarını əsasən Qəbələdə keçdiklərini, bunun üçün akademiyada hər cür şəraitin oludunu dedi. Əvvəlki illərdə akademiyanın bütün yaş qrupları xaricdə təlim-məşq toplanışlarında olublar. Əslində, buna toplanış demək düzgün deyil. Əsasən beynəlxalq oyunların keçirildiyi turnirlər nəzərdə tutulur. Nail müəllimin sözlərinə görə, sonuncu dəfə bu ilin fevral ayında akademiyanın U-10, U-11, U-12 komandaları Qətərdə “Aspire Academy"nin təşkil etdiyi turnirdə iştirak ediblər: “Bütün xərcləri “Aspire Academy" qarşılayırdı və buna görə turnirdə iştirak etdik. Manatın ucuzlaşmasından sonra yaranan maliyyə böhranına görə  beynəlxalq səfərləri təxirə salmışıq. Amma bu mövsüm yenidən bərpa etməyə çalışırıq. Bu barədə klub rəhbərliyinə müraciət etmişik. Qısa zamanda məlum olacaq ki, komandalar beynəlxalq turnirlərə aparılacaq, ya yox".
Nail bəyin fikrincə, yerli birinciliklərdə oyun sayı, əsasən də səviyyəli komandalarla oyun sayı azdır. Bu da uşaqların inkişafına mənfi təsir göstərir. Məhz buna görə futbolçuların beynəlxalq turnirlərdə iştirakı vacibdir: “Belə turnirlərdə həm uşaqlar, həm də məşqçilər səhvlərini görürlər. Uşaqlar özlərini hamıdan güclü hesab etməməlidirlər. Avropalı həmkarlarımla bu mövzuda tez-tez müzakirələr aparıram. Avropa ölkələrində hər komanda il ərzində 4-5 turnirdə iştirak edir. Buna onların həm maliyyə vəziyyəti həm də coğrafi mövqeləri imkan verir. Bizdə isə... 1 turnirə getməyimiz üçün lazım olan məbləğ, onların 5 turnirə getməyinə sərf olunan vəsait qədərdir. Gürcüstanda, İranda, Dağıstanda səviyyəli turnirlər az-az keçirilir..."
“Neftçi"nin uşaq futbol məktəbində də oxşar vəziyyət hökm sürür. İldə 1 dəfə də olsa, hansısa komanda beynlxalq turnirə göndərilir. Məsələn, ötən il U-13 komandası Soçidə 8 komandanın iştirakı ilə keçirilən “Dəri top" turnirində iştirak edib və 1-ci yeri tutub. Bu il liqalarda yarışların tez başa çatması və uzun müddətli fasiləyə görə səfər olmayıb. Mövsümün gedişində hansı komandanın “sevinəcəyi" hələlik bilinmir. Bunu bizimlə söhbətdə seleksiya departamentinin rəisi, veteran futbolçu Səmədağa Şıxlarov bildirdi: “Şəxsən mən gənc futbolçuların xarici səfərlərə aparılmasının tərəfdarıyam. Uşaqlar nə qədər çox beynəlxalq turnirlərdə iştirak etsələr, daha yaxşı olar. Bütün klublarda olduğu kimi bizdə də müəyyən dərəcədə maliyyə problemləri var. Bu üzdən bütün komandaları səfərlərə göndərmək olmur. Amma uşaq komandalarının beynəlxalq turnirlərdə iştirak etməsi həmişə klub rəhbərliyinin diqqətində olub. Bu il böyük ehtimalla hansısa turnirə komanda yollayacağıq. Amma hansı komandanı nə vaxt göndərəcəyimiz hələki bəlli deyil".
Ölkənin ən yaxşı uşaq futbol məktəblərindən biri də “İnter" PİK-nun sayılır. Amma son illər bu klubda baş verənlər, rəhbər dəyişikliyi, yenidənqurma işləri və s. məktəbin fəaliyyətinə təsirsiz ötüşməyib. Ümumiyyətlə, yeni rəhbərliyə qədər klubun uşaq futbol məktəbinə biganə münasibət var idi. İndi vəziyyət bir qədər düzəlib. Hansısa komandanın xaricə göndərilməsi indiki halda mümkün deyil. Sonuncu dəfə 2013-cü ildə o vaxtkı U-13 komandası Gürcüstanda keçirilən turnirdə iştirak edib. Bir də 2003-cü il təvəllüdlü futbolçular bu il Dərbənddə təşkil olunan turnirə getmiş və 2-ci yeri tutmuşdular. Amma valideynlərin hesabına. Yəni, səfər xərclərini klub qarşılamamışdı. Bildiyim qədər, sonradan bu səfər klub daxilində söz-söhbətə səbəb olmuşdu. Təbii ki, belə hal “İnter" kimi komandaya başucalığı gətirmir. Bu mövsüm də əvvəlki illərdə olduğu kimi hansısa komandanın ölkədən çıxacağı gündəmdə deyil. Azından klubun maliyyə vəziyyəti və uşaq futbol məktəbində aparılan islahatlar bunu deməyə əsas verir.
“İnter"də söz düşmüşkən, uşaq futbol məktəbində islahatlar çərçivəsində məktəbin bir neçə məşqçisi vəzifəsindən uzaqlaşdırılıb, onların yerinə yeniləri gətirilib. Məktəbi tərk edən müəllimlər yetirmələrinin əksəriyyətini özləri ilə digər komandalara aparıblar. 

“Sumqayıt”, “Kəpəz”, “Zirə” və AZAL:  buralar yaxşıdır
Premyer Liqa təmsilçilərindən qalan 4 klubun uşaq futbol məktəbində mövzu ilə əlaqədar görülən işlərlə ümumi fikir bildirmək olar. “Sumqayıt" uşaq komandalarını səfərə göndərmir. Daha çox ətraf rayonların komandaları ilə oyun keçirməyi üstün tutur ki, o da Sumqayıtda. “Kəpəz" də həmçinin. AZAL-dan isə danışmağa dəyməz. Əsas komana Bakıda təlim-məşq toplanışı keçirsə, uşaq komandası ölkə xaricinə necə gedi bilər? “Zirə"yə gəldikdə isə, ötən mövsüm Premyer Liqaya vəsiqə qazananda başqa məktəblərdən icarəyə götürdükləri futbolçularla birtəhər mövsümü yola verən “Zirə"nin+1 rəhbərliyi bu il uşaq futbolunda islahatlar aparmaq fikrindədir. Bu məqsədlə Ayxan Abbasov akademiyaya rəhbər təyin olunub. Bu mövsüm “Zirə"nin akademiyasında görüləcək işlərə mövsümün sonunda qiymət vermək olar.

Vəziyyətdən çıxış yolu varmı?
Əlbəttə, var. Birincisi, oyunların sayı çoxaldılmalıdır. Hər bir komandanın mövsüm ərzində minimum 50 oyun keçirməsi daha məqsədəuyğundur. Buna görə AFFA-nı “yükləmək" olmaz. AFFA-nın təşkil etdiyi liqalardan başqa, klublar özləri də mini-turnirlərin təşkilində maraqlı olmalıdırlar. Belə turnirlərə xarici komandalar da dəvət olunsa, əla olar. “Qəbələ" və “İnter"in bir neçə il əvvəl keçirdikləri beynəlxalq turnirlərdə olduğu kimi. Bu gün klublarımız Avropada daha yaxşı tanınırlar. Avropa səhnəsində az-çox özündən söz etdirmiş komandalarımız öz adlarından beynəlxalq turnirlər təşkil etsələr, Avropanın səviyyəli futbol akademiyalarının təmsilçiləri orada iştirakdan imtina etməzlər. Buna son illər müxtəlif idman növlərində keçirilən səviyyəli beynəlxalq turnirlər sayəsində ölkəmizin qazandığı imic də kömək edər. Klublarımızın maliyyə problemlərindən məlumatlıyıq və belə turnirlər onlara səfərlərlə müqayisədə qat-qat ucuz başa gələcək. Ərazisi Azərbaycandan kiçik, əhalisi bizdən az olan Estoniya il ərzində 50-dən çox beynəlxalq turnir təşkil edilə bilir, biz yox? Nədən olmasın? Və ya kiçik Dərbənddə keçirilən beynəlxalq turnirlərin sayı bizdə daxili turnirlərin sayından bir neçə dəfə çoxdur. Doğrudur, onların çoxu qonaq komandaların yerləşdirilməsi zamanı gəlir əldə etmək məqsədilə təşkil olunur. Bizdə niyə olmasın? Klublarımız həm qazanc götürərlər, həm də uşaqlar futbol oynayarlar. Sadəcə, bizdə bu işə maraq, həvəs yoxdur. Birdə ki, komandaların ölkədən kənara çıxarılmasının indiki çətin vəziyyətdə mümkün olmadığını yaxşı anlayırıq, Heç olmasa, məşqçiləri xarici ölkələrə təcrübəyə göndərsinlər. Belə də məşqçilərimizin təcrübəsi artır, qazanan uşaqlar, Azərbaycan futbolu olar. Uşaq futbolumuza “calaq" edilən hansısa əcnəbiyə verilən aylıq maaş 1 məşqçinin xaricdə təcrübə keçməsinə bəs edər. Hələ artıq pul da qalar.
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti
P.S. Yazıda Premyer Liqa təmsilçilərinin uşaq futbol məktəbləri ilə bağlı araşdırma aparılıb. Azərbaycanda digər futbol klubları və uşaq futbol məktəblərinin bu sahəyə münasibəti və görülən işlərlə bağlı növbəti saylarımızın birində məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti