Şəraiti olan, lakin futbolu olmayan Cəlilabad - LAYİHƏ

22:29 9 Sentyabr 2016

Sportarena.az saytı “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir.
Layihənin növbəti mərhələsində Cəlilabad rayonunda futbolun inkişafına mane olan problemləri işıqlandırmağa çalışdıq. Bunun üçün də üz tutduq Cəlilabad rayonuna. 


Hazırda 209 mindən çox əhalisi olan Cəlilabad rayonunun tarixi ərzində cəmi iki futbol klubu olub – “Üzümçü” və “Ümid”. “Üzümçü” komandası Sovet İttifaqı dönəmində yaradılıb daha sonra isə fəaliyyətini dayandırıb. 1990-cı ildə isə rayonun “Ümid” klubu fəaliyyətə başlayıb. Komanda 1992 və 1993-cü illərdə elitada mübarizə aparıb. Premyer Liqaya yüksəldiyi ilk ilində uğurla çıxış edən komanda mövsüm sonunda 5-ci pillə ilə kifayətlənməli olub.  Komandanın həminki mövsümdə bombardirləri hərəyə 7 qolla Sabir Mütəllimov və Xəzər Abbasov olmuşdur. Daha sonra 1993-cü ildə isə komanda zəiflədi. 10 komandanın iştirak etdiyi çempionatda “Ümid” mövsümü qələbəsiz başa vurdu. 16 məğlubiyyət alan komanda cəmi 2 dəfə heç-heçə edərək hesabına 2 xal yazdıra bilmişdi.


Əslində, layihəmizin məqsədi hər hansı bir rayonun futbol tarixini sizlərin diqqətinizə çatdırmaq deyil. Sadəcə, Cəlilabad rayonuna səfərim zamanı oradakı idmanla bağlı olan insanların (Cəlilabad rayon Gənclər və İdman İdarəsi) futbola və ya digər idman növlərinə necə biganə yanaşmasını gördükdən sonra qərar verdim ki, bu barədə məlumatı layihəmizdə qeyd etməliyik. Belə ki, səfərimiz zamanı sözügedən rayonun Gənclər və İdman İdarəsi Rəisi Ramin Rəhimovla görüşməyə çalışdıq. Lakin Gənclər və İdman İdarəsinin işçiləri R.Rəhimovun məzuniyyətdə olduğunu və bizimlə görüşə bilməyəcəyini dedilər. Ən maraqlısı isə odur ki, işçilər R.Rəhimovun telefon nömrəsini də bilmirlər.  Halbuki qurumun binasına ilk dəfə getdiyimiz zaman işçilərdən biri Ramin bəyin “obed”dən sonra gələcəyini demişdi. Əslində, Cəlilabadda futbola maraq var, bunu Gənclər və İdman İdarəsinin binasına girdiyim zaman hiss etmişdim. Belə ki, binaya daxil olduğum zaman işçilərdən birinin qanunla qadağan olan mərc oyununda, yəni ki “qara bazar”da oyunlara proqnoz verib telefonla kiməsə deyirdi. Lakin bu maraq sadəcə cibləri doldurmaq üçün idi. Amma, çox təəssüf ki, bu, rayon futbolunun inkişafına təsir göstərmir.


Futbolla yaxından maraqlanan insanların bir çoxuna məlumdur ki, hazırda Premyer Liqamızda bir neçə gənc və perspektivli futbolçular futbola ilk addımlarını məhz Cəlilabadda atıblar. Həmin futbolçulardan bir çoxları “Xəzər Lənkəran” futbol klubunun akademiyasında məşqlərini keçib peşəkar səviyyəyə yüksələ biliblər. Belə futbolçulardan Xəqani Sadıxov (“Qarabağ”) və Orxan Sadıqlının (“İnter”) adını xüsusilə qeyd etmək lazımdır.Bildiyiniz kimi, böyük futbola aparan yol uşaq futbolundan keçir. Cəlilabadda da uşaq futbolunun inkişafı üçün bir sıra tədbirlər görülsə də, hələ ki yetərli deyil.  Rayonda inşa edilən və Mərkəzi Stadion deyilən "Məhsul" KKİC-ə məxsus stadion azyaşlıların məşq meydançası kimi istifadə olunur. Bundan əlavə, sözügedən stadionda rayon kəndlərinin həvəskar komandaları bir neçə il öncəyədək həmin stadionda öz aralarında çempionat da keçirirmişlər. Rayon AFFA bayrağı altında təşkil olunan yarışlarda U-10, U-11, U-12 və U-13 komandaları ilə çıxış edir. Layihəmiz çərçivəsində səyahət etdiyimiz digər rayonlardan fərqli olaraq AFFA-nın Cəlilabadda uşaq futboluna az da olsa, diqqət ayırdığını görmək mümkündür. Belə ki, qurum azyaşlıların məşqləri üçün lazım olan ləvazimatlar və toplar göndərərək uşaqların ehtiyaclarını az da olsa, ödəyib.Cəlilabadda uşaq futbolunun çatışmazlıqları və problemlərini öyrənmək üçün bu sahədə çalışan bir neçə məşqçi ilə əlaqə saxlasaq da, görüşə bilmədik. Nəhayət, AFFA-nın rayonda olan yarışların keçirilmə şöbəsində çalışan “B” kateqoriyalı məşqçisi Seyfəddin Əliyevlə görüşdük. AFFA nümayəndəsi olsa da, S.Əliyev bizimlə səmimi söhbət etdi. S.Əliyevin sözlərinə görə, azyaşlı futbolçularda təşkil olunan komandaların yarışlarda uğurlar qazana bilməməsinin səbəbi sırf rayonda fəaliyyət göstərən U.G.İ.M-ə görədir. 

“Bilirsiniz, əslində mən burada məşqçi kimi çalışmıram. Sadəcə, U.G.İ.M burada məşq edən 51 uşağa yalnız bir məşqçi verib. Mən də gəlib kömək edirəm. 51 uşaq da AFFA-nın bayrağı altında çıxış edən  4 komandanın futbolçularıdır. Uşaqların məşq keçməsi üçün burada onlara ən azı 3-4 məşqçi lazımdır. Sözün doğrusu, əvvəllər U.G.İ.M-də bir çox məşqçilər var idi və uşaqlarla da yaxından maraqlanırdı. Lakin sonradan oranın direktoru Səxavət müəllim bir çox işçiləri işdən çıxardı. Bu həm məşqçilər üçün, həm də uşaqlar üçün yaxşı olmadı. O, özü bütün günü oturur evində, aylıq maaşını alır qoyur cibinə, bu qədər uşağı isə tapşırır bir məşqçiyə. Uşaqlara, futbola heç bir xeyri yoxdur. İnanırsanmı, bəzən elə uşaqları burada görürük ki, baxırsan, istedadlıdır, texnikası, qol vurmaq bacarığı var, amma imkanı yoxdur. Məşqlər üçün idman ayaqqabısı ala bilmir. Əslində, U.G.İ.M ən azından belə uşaqlara yardım göstərməlidir ki, inkişaf etsin, həvəslənsin. Amma biz bunu görmürük”.

 

S.Əliyevlə söhbətdən sonra Cəlilabad U.G.İ.M-in direktoru Səxavət müəllimlə də danışmağa, onun fikirlərini öyrənməyə çalışdıq. Səxavət müəllim də öz növbəsində digər qurumlardan şikayətlənməklə kifayətləndi. Onun sözlərinə görə AFFA hətta azyaşlı uşaqlardan təşkil olunmuş komandaların səfər yarışları üçün də onlara yardım etmir.
“Mən 2000-ci ildən U.G.İ.M-də çalışıram və indiyədək bir çox tədbirlərdə və iclaslarda bizim məktəbimizə yardım etmələrini xahiş etmişəm. Bizim nə stadionumuz var, nə də başqa bir zalımız. Azyaşlılardan ibarət komandalarımız “Məhsul”un nəzdində olan komandada məşq keçir. Bunun üçün biz hər il 20 min manat pul ödəyirik. Vəsaitimiz olmadığı üçün də bir çox müəllimlərimizi işdən çıxarmışıq. Hər il azyaşlıların çempionatları başlayarkən bizim də, demək olar ki, “qara günlər”imiz başlayır. Çünki səfər oyunlarına getmək üçün maşın tutmaq lazımdır. Bunun üçün də pul yoxdur. Biz də belə vəziyyətdə özümüz müəllimlər arasında pul toplayırıq ya maşın pulunu, ya da başqa nə lazımdırsa, onu edirik. Özünüz də bilirsiniz ki, müəllimlər 150-200 manat maaş alır. Həmin pulun da bir azını belə işlərə sərf etdisə, nə qaldı ki, onun üçün? Belə olan hallarda da müəllimlər həvəssiz olacaqlar, təbii ki”.


Direktor onu da vurğuladı ki, Lənkəranın “Xəzər Lənkəran” klubu fəaliyyətini dayandırdıqdan sonra rayondakı ailələrin bir çoxu uşaqlarını futbola deyil, digər idman növləri ilə məşğul olmağa yönləndirirlər. Bunun səbəbi də aydındır. Digər layihəmizdə də qeyd etdiyimiz kimi “Xəzər Lənkəran” klubu cənub zonasının rayonlarından uşaqları öz futbol akademiyasına dəvət edib inkişaf etdirirdi. Uşaqlar da gələcəkdə “Xəzər Lənkəran”da oynayacaqları ümidi ilə həvəslə məşqlərə davam edirdilər. Lakin bundan sonra cənubun heç bir peşəkar klubu olmadığı üçün bir çox ailələr uşaqlarını digər idman növlərinə yönləndirirlər. Nəticədə cənub zonasında futbola xüsusən də uşaq futboluna olan maraq azalır. Belə olan təqdirdə bir neçə il sonra bu zonada futbola, ümumiyyətlə, marağın qalmayacağı da qaçılmazdır. 


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirirlir.


İlkin İSMAYILZADƏ


Xəbər xətti